Hayların növbəti şousu: “Məqsədləri tarixi həqiqətləri üzə çıxarmaq deyil”

Hayların növbəti şousu: “Məqsədləri tarixi həqiqətləri üzə çıxarmaq deyil”

ABŞ Prezidenti Donald Tramp 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri təsvir etmək üçün “soyqırımı” ifadəsini işlətməyib.

Amma 2021-ci il aprelin 24-də ABŞ-nin ozamankı prezidenti Co Bayden isə bu barədə danışarkən “soyqırımı” ifadəsi işlədib.

"20-ci əsrin ən dəhşətli fəlakətlərindən birində əziyyət çəkən o görkəmli insanların xatirəsini ehtiramla yad edirik. 1915-ci ildən başlayaraq Osmanlı İmperiyasının son illərində bir milyon yarım erməni qovulub və qəti şəkildə ölümə göndərildib. çoxlu insan həyatını itirdi”, – Tramp Ağ Evin saytında dərc olunan mesajda bildirib.

Beləliklə, Tramp nəinki “erməni soyqırımı” deməyib, hətta 24 apreldə şəxsən çıxış etməyə də lüzum görməyib. O, sadəcə Ağ Evin sayında mesaj yaymaqla kifayətlənib.

Bununla bağlı "Cebheinfo.az"-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, sabiq prezident Co Bayden və onun administrasiyası açıq şəkildə Ermənistanın mövqeyini dəstəkləyirdi və təsadüfi deyildi ki, 1915-ci il hadisələrini “soyqırım” kimi tanımışdılar: 

“Bu isə ədalət tərəfdarları arasında ciddi narazılığa səbəb olmuşdu. Donald Tramp isə kifayət qədər realist prezidentdir və bu hadisələri "böyük fəlakət" adlandırdı. Lakin o bu ifadəni həmin dövrün hadisələrinə, yoxsa ermənilərin uydurduqları iddialara aid etdiyi isə dəqiq bilinmir.

Məhz tarixdə baş verənlərin düzgün qiymətləndirilməsi olduqca vacibdir. Hər hansı millətçi qrupun iddiaları deyil, tarixi həqiqətlər əsas götürülməli, beynəlxalq hüquq işlək olmalı və atılan addımlar dövlətlər arasında münasibətlərin yaxşılaşdırılmasına xidmət etməlidir.

Təəssüf ki, Ermənistanda və erməni diasporunun xaricdəki təsirli dairələrində bu yanaşma yoxdur. Onlar 1915-ci il hadisələrini bir şouya çevirərək “soyqırım” adlandırırlar. Halbuki “soyqırımı” anlayışı yalnız 1948-ci ildən sonra BMT-nin sənədlərində hüquqi status qazanıb.

Bundan əlavə, Ermənistan bu hadisələrin arxiv materialları əsasında obyektiv şəkildə araşdırılmasına həmişə qarşı çıxıb. Bu da göstərir ki, məqsədləri tarixi həqiqətləri üzə çıxarmaq deyil, özlərinə sərf edən versiyanı zorla beynəlxalq ictimaiyyətə qəbul etdirməkdir.

ABŞ prezidentinin dünənki bəyanatı isə bir daha onu göstərdi ki, beynəlxalq ictimaiyyət getdikcə daha çox məsələlərə obyektiv və tarixi həqiqətlər nöqteyi-nəzərindən yanaşmağa başlayır".

Səbinə Uğur
"Cebheinfo.az"