Prezidentdən Budapeştdə vacib MESAJ

Prezidentdən Budapeştdə vacib MESAJ

“İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının təşəbbüskarı Azərbaycan olub. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib”. 

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın sülh müqaviləsinin bağlanması ilə bağlı iki əsas şərti var:

“Birincisi, Ermənistan Konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə, Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir.  Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”.

Beləliklə, Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanması üçün ölkəmizin əsas iki şərtini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. 

Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Macarıstana səfəri zamanı bir çox vacib məsələlərə toxundu:

“Onlardan biri də Ermənistanla Azərbaycan arasındakı sülh prosesi ilə bağlı idi. Cənab Prezident diqqətə çatdırdı ki, sülh müqaviləsi imzalamaq üçün Azərbaycanın konkret 2 mühüm şərti var.

Bunlardan biri Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarından çıxarılmasıdır. İkincisi isə, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlıdır. Dövlətimizin başçısı vurğuladı ki, rəsmi İrəvan gec-tez bu şərtləri qəbul etmək məcburiyyətində qalacaq”.

Millət vəkili xatırladıb ki, Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında azərbaycanlı jurnalist də bu istiqamətdə Ermənistanın Baş naziri Nikol Paşinyana sual ünvanlamışdı:

“Lakin Paşinyan guya Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası olmadığını dedi. O, sülh müqaviləsində hər iki tərəfin bir-birinə qarşı ərazi iddiasından imtina edilməsi ilə bağlı öhdəlik götürəcəklərini söylədi. Paşinyanın növbəti yalanı isə guya sülh müqaviləsi status baxımından yerli qanunvericilikdən üstün olması idi.

Əslində, Ermənistan Konstitusiyasında 5-ci maddəsində aydın şəkildə yazılıb ki, Konstitusiya istənilən beynəlxalq sənəddən üstündür. Yəni, reallıq tam başqadır. Sülh müqaviləsi Ermənistan Konstitusiyası fövqündə olmayacaq.

Paşinyan sadəcə manipulyasiya ilə məşğuldur. Bu səbəbdən də sülh müqaviləsi imzalanmadan əvvəl Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Həmçinin, artıq heç bir əhəmiyyəti olmayan ATƏT-in Minsk Qrupu da məhz sülh müqaviləsindən öncə buraxılmalıdır”.

Deputat qeyd edib ki, Ermənistan tərəfinin qeyri-konstruktiv addımları səbəbindən sülh müqaviləsi imzalanmır:

“Düşünürəm ki, 2025-ci ili sülh müqaviləsinin imzalanması baxımından itirilmiş il hesab etmək olar. Çünki Paşinyan gələn ilin may ayında parlament seçkiləri, paralel şəkildə də referendum keçirməyi planlaşıdırır. Lakin referendumun 2027-ci ildə də keçirilə biləcəyini deyir.

Deməli, İrəvan hakimiyyəti dolayı yolla ən azından 2026 və ya 2027-ci ilə qədər Azərbaycanın tələblərini qəbul etməyəcəyini bəyan edir. Bu da da Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından baş verir.

Ancaq əvvəl-axır Ermənistan rəhbərliyinin bu şərtləri də qəbul edəcəyi şübhə doğurmur. Rəsmi İrəvan digər tələbləri qəbul etdiyi kimi bu 2 şərtimizi də qəbul etməyə vadar olacaq”.

Elmir Mustafa
“Cebheinfo.az”