Zəngəzur dəhlizi: “Çin Ermənistana təzyiq göstərəcək”

“Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı çox ciddi sənədlər imzalandı”.
Bunu Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, bu görüş Azərbaycan tarixinə keçəcək qədər əhəmiyyətli idi:
“Görüş zamanı çox vacib məqamlara toxunuldu. Dünyanın supergeclərindən olan Çinin Azərbaycanla tam bərabərhüquqlu səviyyədə əməkdaşlıq etməsini xüsusi qeyd etmək lazımdır.
Prezident İlham Əliyevin Çinə səfəri zamanı bir sıra mühüm sənədlər imzalandı. Bunlardan ən önəmlisi Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlığa dair Birgə Bəyanətın imzalanması idi. Həmçinin, iki ölkə arasında vizasız gediş-gəlişin təmin olunması da olduqca mühüm addım kimi vurğulanmalıdır”.
Partiya sədri qeyd edib ki, Bakı ilə Pekin hər zaman bir-birinin maraqlarına uyğun mövqe tutur:
“Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Azərbaycan isə Tayvanı Çinin tərkib hissəsi kimi tanıyaraq, həmişə “Vahid Çin” siyasətini dəstəkləyir. Hesab edirəm ki, bu da çox mühüm addımdır.
Nəzərə almaq lazımdır ki, Ermənistan da Çinlə münasibətlər qurmaq üçün çox çalışırdı. Lakin rəsmi Pekin regionda hansı ölkə ilə bağlı münasibətlər qurmaq baxımından artıq öz seçimini etdi. Bu, Azərbaycanın regiondakı lider rolu ilə birbaşa bağlıdır”.
Akif Nağı diqqətə çatdırıb ki, artıq Çin də Zəngəzur dəhlizinin açılması üçün hərəkətə keçəcək:
“Azərbaycan və Cənubi Qafqaz regionu üçün Zəngəzur dəhlizinin açılması çox vacibdir. Çin də Zəngəzur dəhlizinin açılmasında ciddi şəkildə maraqlıdır. Çünki bu dəhliz vasitəsi ilə Çindən başlayan yol Avropaya qədər uzanacaq. Artıq rəsmi Pekinin bu dəhlizin açılaması və nəticə əldə olunması üçün addımlar atacağı barədə belə fikirlər səsləndirilir.
Hətta Çinin bununla bağlı özünün təsir imkanlarından istifadə edərək Ermənistana təzyiq göstərəcəyi də deyilir. Yəni bütün bunları onu göstərir ki, Çin də Zəngəzur dəhlizinin açılma prosesinə öz töhfəsini verəcək. Artıq Zəngəzur dəhlizinin açılmasına bir addım daha yaxınlaşdığımızı deyə bilərik”.
Elmir Mustafa
“Cebheinfo.az”