Azərbaycana yayda rekord istilər gəlir

Azərbaycana yayda rekord istilər gəlir

Bu il dünya üzrə rekord istilər gözlənilir.

Berkli Kaliforniya Universitetinin iqlimşünasları bu barədə proqnoz verib. Onlar qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nəticələri “Geophysical Research Letters” jurnalında dərc olunub. Proqnoz Hindistan və Afrikanın çox hissəsi, Mərkəzi və Cənubi Amerika və Avstraliya da daxil olmaqla dünyanın bir çox bölgəsinə aiddir, eyni zamanda Florida və Texası da əhatə edir. Maraqlıdır, Azərbaycan üçün də yay rekord isti şəraitdə keçə bilərmi? "Cebhe.info"-ya açıqlamasında ekoloq Rauf Sultanov bildirib ki, bu il aprel ayından etibarən normaya uyğun olmayan istilər müşahidə olunur:

"Bir qrup iqlimşünas düşünür ki, istiləşmə prosesi davam edəcək, buzlaqlar əriyəcək, bir qrup alim isə düşünür ki, artıq istiləşmə prosesi sona çatır.

Ölkəmizdə hava temperaturunun aprel ayından etibarən yüksəldiyini, yaya xarakterik olan istiləri müşahidə edirik. Bu da gələcək üçün bol yağıntının düşəcəyini göstərən amildir”. 

Ekoloq deyib ki, hər 12 il birdən planetdə iqlim dəyişiklikləri özünü göstərir:

“Günəşdə olduqca güclü partlayış olur və Yer kürəsinə çoxlu miqdarda dalğalar gəlir. Bu da Yerin cazibə qüvvəsinə təsir edir. Bunların hamısı iqlimə təsir edən amillərdir.

Aprel ayının əvvəlki illərlə müqayisədə isti keçməsi narahatlıq doğurmamalıdır. Bu, məhsuldarlıq üçün yaxşı nəticədir. Amma dünya üzrə rekord istilər Azərbaycan üçün də gözlənilə bilər. Son illərdə də bu belədir". 

Naibə 
"Cebhe.info"