Azərbaycanda əhali sürətlə qocalır: Nazirlik isə “uşaq pulu” siyasətini dəyişmir 

Azərbaycanda əhali sürətlə qocalır: Nazirlik isə “uşaq pulu” siyasətini dəyişmir 

“Uşaq pulu” məsələləsinə biz ünvanlı olaraq baxırıq. Bu gün 615 min uşaq müavinət alır".

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. O bildirib ki, ona görə də bu məsələ hazırda ayrıca olaraq müzakirə olunmur.

Qeyd edək ki, “uşaq pulu” ilə bağlı məsələ dəfələrlə müzakirə olunsa da, heç bir müsbət nəticə əldə edilməyib. Müvafiq qurum isə bu sahədə müavinəti yetərli hesab edir.

Azərbaycandakı bütün uşaqlar bu ölkənin vətəndaşıdırsa, yalnız bir hissənin sosial müavinət alması yetərlidirmi, yoxsa bütün uşaqlar usaq pulu almalıdır?

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirib ki, hökumətin məsələyə baxışı dəyişməyib:

“Ən azı bu istiqamətdə dövlət siyasətini həyata keçirən qurumun məsələyə baxışı son 5 ildə eyni olaraq qalmaqdadır. Bizim də məsələyə baxışımız dəyişməyib. Bununla bağlı dəfələrlə fikrimizi bildirmişik. Əslində bu gün sosial müavinət mexanizmləri vasitəsilə uşaqlara münasibətdə sosial problemlərin həlli özünü tam olaraq doğrultmur. Bu, ünvanlı sosial yardım proqramında və digər proqramlarda da özünü göstərir.

Bu məbləğlər də qənaətbəxş səviyyədə deyil. Eyni zamanda, əhatə və təyinat səviyyəsində çoxlu risklər qalmaqdadır. Bizim münasibətimiz isə ondan ibarətdir ki, “uşaq pulu” mexanizmi dövlətin sosial , insan kapitalı və demoqrafik siyasətin uzlaşdırılması nəticəsində kompleks şəkildə həyata keçirilsin. Diferensial əsaslarla “uşaq pulu” müəyyən edilsin”.

Ekspertin fikrincə, birinci uşağa münasibətdə daha az, ikinci uşağa münasibətdə daha çox, üçüncü uşağa münasibətdə isə əlavə artımlar edilməklə mexanizmlərin tətbiqi ölkədə demoqrafik problemi həll edə bilər:

“Faktiki olaraq 1990-ci illərlə müqayisədə 2020-ci ildə ölkədə demoqrafik təbii artım sürəti 3 dəfəyə yaxın azalmışdı. 2020-ci ildə hər min nəfərə doğum sayım sayı 8 nəfər idi. Müvafiq göstərici 1990-cı ildə 21 uşağa çatırdı. Bu sürətin davam etməsi halında 2050-ci ildə Azərbaycanda əhalinin ciddi şəkildə yaşlanma trendi müşahidə ediləcək.

Bu gün 65 yaş üzərində əhalinin 7 faizidirsə, BMT-nin proqnozuna görə, 2060-cı ildə bu göstərici 16,5-17 faizə çatacaq. 2020-2022-ci illərdə, pandemiyanın təsiri ilə baş verən proseslər və sosial vəziyyətlə əlaqədar dinamikanın təhlilinin nəticəsi göstərir ki, bu proses daha da sürətlənəcək. Müvafiq nəticələri Azərbaycan artıq 2045-ci ildə görmüş olacaq. Bunlar ciddi problemlərdir. Dövlət “uşaq pulu” mexanizminə, keyfiyyətli təhsil və səhiyyə xidmətlər, eləcədə də keyfiyyətli qidaya çıxış aləti kimi baxmaqla ümumi universal “uşaq pulu” mexanizminin tətbiqinə qərar verməlidir”.

Nigar Abdullayeva
Cebhe.info