Məhkumluq haqqında arayış: İşə götürülməmək üçün bəhanə?

Məhkumluq haqqında arayış: İşə götürülməmək üçün bəhanə?

Bir çox yerlərdə işəgötürənlər məhkumluq haqqında arayış tələb edir və məhkumluq həyatı yaşayan şəxslərin iş müraciətini qəbul etmir.

Məhkumluq barədə arayış məhkumluğun olub-olmamasını təsdiq edən sənəddir. Məhkumluq barədə arayışların verilməsi və bununla bağlı müraciələrin qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi, şəhər, rayon polis idarə və şöbələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 706 nömrəli Fərmanına müvafiq olaraq məhkumluq haqqında arayışlar eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir.

Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir. Müraciətdə aşağıdakı məlumatlar əks etdirilir: ərizəçinin soyadı, adı, atasının adı; doğulduğu yer, tarix; vətəndaşlığı və yaşadığı ünvan; şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verilmə tarixi və orqan. Müraciət etmiş şəxsin məhkum olması müəyyən edildikdə müvafiq arayış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir.

Götürülməmiş və yaxud ödənilməmiş məhkumluq haqqında arayışda aşağıdakı məlumatlar əks etdirilir: barəsində yoxlama aparılan şəxsin soyadı, adı, atasının adı; doğulduğu tarix; doğulduğu yer; məhkum olunduğu tarix, hökm çıxaran məhkəmənin adı; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi (nömrəsi və adı); cəzanın müddəti və növü, azad edilməsinin tarixi və əsası. 

Bəs qanunda məhkumların işə qəbulu necə tənzimlənir? 

Hüquqşünas Əsabəli Mustafayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, təcrübədə də məhkum şəxslərin iş qəbulunda problem yarandığı görünür:

“Aydındır ki, məhkumluğu olan şəxslər hüquq mühafizə orqanları, rəsmi orqanlar, bir çox dövlət qurumlarına işə düzələ bilmirlər. Onların əsasnaməsində də bu qeyd olunur. Az ağır dərəcəli cinayətlər üçün 5, ağır cinayətlər üçün 10 il müddət keçdikdən sonra həmin şəxslər məhkum olunmamış sayılır. Ancaq bununla belə, özəl təşkilatlarda da işə götürənlər məhkumları işə götürməkdə həvəssiz olur. Bu yanaşma düzgün deyil. Məhkumluq ödənildikdən sonra hüquq mühafizə orqanları istisna olmaqla, işə götürülməlidir.

Onların işə götürülməməsi həmin şəxslərin cəmiyyətdən təcridinə yol açır. Bu da yenidən cinayətlərin işlənməsinə səbəb olur. Amma qanunda bunu nizamlamaq olmur. İşəgötürəni buna məcbur edə bilmirsən. Ona görə də bu şəxslərin çoxu yenidən kriminala qayıdır”. 

Hüquqşünas şəxsin işəgötürülməsində məhkumluq həyatı yaşayan qohumlarının da tərcümeyi- halına baxılmasının düzgün yanaşma olmadığını vurğulayıb:

"Hər hansı bir şəxs dövlət işinə düzəldikdə tərcümeyi halında qeyd etməlidir ki, yaxınları nə işlə məşğuldur. Əgər yaxınlarından biri məhkumluq həyatı yaşayıbsa, şəxsin işə götürülməsində maneə yaranır. Amma bu amil həmin şəxsin karyerasına mane olmamalı, işə götürməmək üçün əsas  verməməlidir. İndi bir çox yerlərdə tərcümeyi-halda az qala bütün qohumların haqqında məlumat tələb olunur. Bu da düzgün deyil. Bu təcrübəni dəyişməliyik”. 

Naibə 
"Cebhe.info"