"Son zəng" məzunların yaddaşında hansı izlər buraxır?
Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.
Minlərlə məzun üçün bu gün məktəb illərinin sonu, həyatın isə yeni mərhələsinin başlanğıcıdır. İllərlə eyni sinifdə oxuyan, eyni məktəb həyətində böyüyən şagirdlər hazırda müəllimləri və sinif yoldaşları ilə vidalaşaraq fərqli həyat yollarına qədəm qoyurlar.
"Son zəng" təkcə bir tədris ilinin yekunu deyil, həm də insan ömrünün ən yaddaqalan və emosional anlarından biridir.
Bu gündən sonra kimisi ali təhsil almaq üçün universitet auditoriyalarına üz tutacaq, kimisi hərbi xidmətə yollanacaq, kimisi isə peşə öyrənərək əmək fəaliyyətinə başlayacaq.
Hər bir məzun üçün fərqli istiqamətlərə açılan yolların başlanğıc nöqtəsi məhz bu gün - "Son zəng" günüdür.
"Son zəng" insanlarda hansı nostalji hissləri və xatirələri oyadır?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, "Son zəng" məzunlarda fərqli duyğular yaradır:
"Təkcə bu il məzun olanların deyil, demək olar ki, bütün insanların məktəb həyatı ilə bağlı yaddaşında silinməz iz qoyan iki xüsusi gün olur.
Bunlardan biri ilk dəfə məktəbə qədəm qoyduğu, əlində çanta və qələm sinif otağına daxil olduğu günüdür. Digəri isə illərlə davam edən məktəb həyatının başa çatdığını xəbər verən "Son zəng" günüdür.
Bu iki tarix insan ömrünün fərqli mərhələlərini simvolizə edir. Biri uşaqlıqdan təhsilə ilk addımı, digəri isə gəncliyə və müstəqil həyata keçidi. "Son zəng" mərasimi sadəcə məktəblə vidalaşmaq deyil, həm də həyatın reallıqları ilə ilk ciddi qarşılaşmalardan biridir.
Məzunlar bu gündən sonra onları gözləyən yeni məsuliyyətlərin, seçimlərin və qərarların fərqinə varmağa başlayırlar. Universitetə qəbul imtahanları, peşə seçimi, hərbi xidmət və gələcək karyera ilə bağlı düşüncələr gənclərin həyatında yeni mərhələnin başlandığını göstərir”.
Psixoloq qeyd edib ki, bu günü bir çox gəncdə emosional hisslər yaradır:
"Bir tərəfdən uzun illərin zəhmətinin və məktəb həyatının başa çatmasının sevinci yaşanır, digər tərəfdən isə öyrəşdikləri mühitdən, müəllimlərdən və sinif yoldaşlarından ayrılmağın kövrəkliyi hiss olunur. Məhz buna görə "Son zəng" insan həyatının ən yaddaqalan və emosional günlərindən biri hesab edilir.
Bu dövrdə yaşanan həyəcan və narahatlıqlar tamamilə təbiidir. Çünki gənclər ilk dəfə olaraq həyatın reallıqları ilə daha yaxından üz-üzə qalırlar. Lakin bu mərhələ qorxu deyil, inkişaf və özünü kəşf etmə dövrü kimi qəbul edilməlidir. "Son zəng" bir son deyil, insanın qarşısında açılan yeni imkanların, arzuların və hədəflərin başlanğıcıdır".
Gülər Həsənli
"Cebheinfo.az"

