Müxalifət lideri Paşinyanı məhkəməyə verdi
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan Baş nazir Nikol Paşinyana və İctimai Televiziyaya qarşı məhkəmə iddiası qaldırıb.
“Cebheinfo.az”-ın məlumatına görə, müxalifət lideri Baş nazirdən 28 may brifinqində onun əleyhinə işlətdiyi ifadələri geri götürməsini və 9 milyon dram təzminat ödəməsini tələb edir.
Belə ki, bu məbləğin 6 milyonu böhtanla vurulan ziyana, 3 milyonu isə təhqirlə dəymiş zərərə görə istənilir.
Qeyd edək ki, Paşinyan Tsarukyanı “cinayətkar”, “casus” və “agent” adlandırıb.
Baş nazir Tsarukyanın cinayətkar sövdələşmə bağladığını, Ermənistan xalqını soyduğunu və xarici kəşfiyyat xidmətinin göstərişi ilə Andranik Tevanyanı “Çiçəklənən Ermənistan” partiyasının siyahısına daxil edəcəyini deyib.
Tsarukyan bu iddianı “həqiqətə uyğun olmayan yalan məlumat” adlandıraraq təkzib edilməsini tələb edir.
Eyni zamanda, Qaqik Tsarukyan İctimai Televiziyaya qarşı da məhkəmə iddiası qaldırıb. Tsarukyanın narazılığına “Köçəryanın təhriki ilə Sarkisyanla koalisiyada olan “Çiçəklənən Ermənistan” partiyası yaradıldı” adlı video səbəb olub.
Tsarukyanın sözlərinə görə, ozü və “Çiçəklənən Ermənistan” partiyası haqqında dərc olunan məlumatlar həqiqətə uyğun deyil.
Müşfiq Abdulla
“Cebheinfo.az”


