“Səssiz Xəbərdarlıq” layihəsinin ikinci mərhələsinə start verilib

“Səssiz Xəbərdarlıq” layihəsinin ikinci mərhələsinə start verilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səssiz Xəbərdarlıq” – fövqəladə hallar zamanı səssiz, vizual xəbərdarlıq layihəsinin ikinci mərhələsinə başlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, layihənin ilk mərhələsində ictimaiyyətə layihənin məqsədi təqdim edilmiş, eşitmə məhdudiyyətli şəxslərin fövqəladə hallar zamanı üzləşdikləri çətinliklər və bu sahədə mövcud problemlər diqqətə çatdırılmışdır.

Hazırda layihənin ikinci mərhələsi çərçivəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq qurulmuşdur. Aparılan müzakirələr nəticəsində fövqəladə hallar zamanı əhalinin davranış qaydalarını əks etdirən 8 maarifləndirici videoçarx layihə çərçivəsində istifadə üçün təqdim olunmuşdur.

Bu videoçarxlar əsasında eşitmə məhdudiyyətli şəxslər üçün tam əlçatan formatda yeni məlumatlandırıcı materiallar hazırlanacaq. Videoçarxların işarə dili tərcüməsi, subtitrləşdirilməsi, çəkiliş və montaj işləri cari ay ərzində tamamlanacaq.

Hazırlanacaq videolarda yanğın, zəlzələ, sel, güclü külək, məişət qaz təhlükələri və digər fövqəladə hallar zamanı düzgün davranış qaydaları sadə və anlaşıqlı şəkildə izah ediləcək. Məqsəd eşitmə məhdudiyyətli şəxslərin fövqəladə vəziyyətlər zamanı həyati əhəmiyyət daşıyan məlumatlara maneəsiz çıxışını təmin etməkdir.

Layihə çərçivəsində hazırlanacaq materiallar sosial media platformalarında, təşkilatın rəsmi informasiya resurslarında və müxtəlif rəqəmsal kanallarda yayımlanacaq. Bununla yanaşı, maarifləndirici materialların geniş auditoriyaya çatdırılması üçün ictimai məlumatlandırma kampaniyaları da həyata keçiriləcək.

“Səssiz Xəbərdarlıq” layihəsi eşitmə məhdudiyyətli şəxslərin fövqəladə hallar zamanı təhlükəsizliyinin artırılmasına, onların operativ və düzgün məlumat əldə etməsinə, eləcə də inklüziv təhlükəsizlik mühitinin formalaşdırılmasına töhfə verməyi hədəfləyir. Layihə eyni zamanda cəmiyyətin və aidiyyəti qurumların əlçatan informasiya və inklüziv yanaşmanın vacibliyi barədə məlumatlılığının artırılmasına xidmət edir.

Layihə rəhbəri Cəmilə Çingizqızının sözlərinə görə, fövqəladə hallarla bağlı məlumatların hər kəs üçün əlçatan olması vacibdir və bu təşəbbüs eşitmə məhdudiyyətli şəxslərin təhlükəsizliyi istiqamətində mühüm addımlardan biridir.

"Cebheinfo.az"