Mikrofon açıq qaldı: Tramp barədə söhbətləri ifşa oldu
Fransanın Evian şəhərində keçirilən G7 Liderlər Zirvəsində diqqətçəkən hadisə yaşanıb.
Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski bağda gəzərkən mikrofonlarının açıq qalması səbəbindən ABŞ Prezidenti Donald Tramp barədə şəxsi söhbətləri ilə gündəmə gəliblər.
Hadisə “Hotel Royal” ərazisində baş verib. Liderlərin mikrofonların açıq olduğunu fərq etmədən ingilis dilində apardıqları söhbət kameralar tərəfindən qeydə alınıb.
Səs yazılarında Makronun Trampla əvvəlki görüşə istinad edərək, “Dünənki Trampla görüş çox çətin idi” dediyi eşidilib. Bu açıqlama beynəlxalq mediada rezonans doğurub. Makron eyni zamanda, Zelenski ilə Tramp arasında mümkün ikitərəfli görüşün təşkilinə dair danışaraq bu istiqamətdə yardım edəcəyini bildirib.
Dialoq zamanı Zelenski Trampla görüş xahişinin hələ təsdiqlənmədiyini qeyd edib. Makron isə buna cavab olaraq “Yaxşı, mən təşkil edəcəyəm” ifadəsini işlədib.
Zirvə çərçivəsində ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə iclasa təxminən 50 dəqiqə gecikməsi də diqqət mərkəzində olub. O, daha əvvəl Zelenski ilə planlaşdırılan ayrıca görüşdə iştirak etməyib və iclas zamanı yalnız qısa qeyri-rəsmi təmasın olduğu bildirilib.
Qeyd edək ki, 15-17 iyun tarixlərində keçirilən G7 Zirvəsinə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiya liderləri ilə yanaşı, bir sıra ölkə rəhbərləri də qatılıb. Sammitdə qlobal təhlükəsizlik, Ukrayna müharibəsi və iqtisadi məsələlər müzakirə olunur.
"Cebheinfo.az"

