AFP İsrailin fəallara münasibətini araşdırır

AFP İsrailin fəallara münasibətini araşdırır

Avstraliya polisi İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq və bölgəyə humanitar yardım çatdırmaq istəyən Qlobal Sumud Donanmasındakı avstraliyalı aktivistlərə qarşı “cinsi zorakılıq” iddialarını araşdıracaq.

"Cebheinfo.az" xəbər verir ki, Qlobal Sumud Donanmasında yer alan avstraliyalı aktivistlər dünən Avstraliyanın xarici işlər naziri Penni Vonq ilə görüş keçirib.

Aktivistlər bildiriblər ki, görüş zamanı İsrailin onlara qarşı davranışları müzakirə olunub və Vonq Avstraliya Federal Polisinin (AFP) cinsi zorakılıq da daxil olmaqla baş verən hadisələri araşdıracağına söz verib.

Aktivistlərdən Cülyet Lamont bildirib: “Vonq bizim qaçırıldığımıza, işgəncəyə məruz qaldığımıza, saxlanıldığımıza və bəzilərimizin zorlandığına inanır”.

AFP tərəfindən verilən açıqlamada məsələ ilə bağlı araşdırmaya başlanıldığı qeyd olunub.

Avstraliya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan nümayəndəsi isə bildirib ki, nazir Penni Vonq məsələ üzrə müstəqil və şəffaf araşdırmanın aparılmasını dəstəkləyir.

Nümayəndə əlavə edib ki, Vonq İsrail rəsmilərinin və sanksiya tətbiq edilən İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin fəaliyyətini daha əvvəl də pisləyib.

İsrailin Kanberradakı səfirliyi isə X platforması üzərindən yayılan açıqlamada Qlobal Sumud Donanması aktivistlərinin cinsi zorakılıq və şiddətə məruz qaldıqları barədə iddiaları rədd edib. 

Nigar Hacılı 
"Cebheinfo.az"