Ermənistan sülhə sadiq qalacaq?
Ermənistanda keçirilən parlament seçkisindən sonra Azərbaycanla imzalanacaq sülh müqaviləsi daha çox diqqət mərkəzindədir.
Azərbaycan sülhlə bağlı mövqeyini açıqlayıb. Ermənistan tərəfi də sülhdə maraqlı olduğunu bildirib və Baş nazir Nikol Paşinyanın seçki devizi də məhz sülh olub. Prezident İlham Əliyev regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün sülh gündəliyini əsas prioritet kimi müəyyən edib.
Azərbaycanın bu istiqamətdə atdığı addımlar uzunmüddətli əməkdaşlıq və etimad mühitinin formalaşmasına xidmət edir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyevin Dilicana səfəri də Bakının sülh prosesinə sadiqliyinin və dialoqu davam etdirmək iradəsinin növbəti göstəricisi kimi qiymətləndirilir.
Bu cür təmaslar tərəflər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və etimadın artmasına töhfə verir. Regionda davamlı sülhün bərqərar olması həm xalqların rifahı, həm də iqtisadi əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan bundan sonra da sülh və sabitliyə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğunu nümayiş etdirəcək.
Maraqlıdır, bəs Ermənistan nə edəcək? Paşinyan vədlərini yerinə yetirə biləcəkmi?
Məslə ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Ermənistan cəmiyyətində sülhün alternativsiz olduğu barədə anlayışın güclənməsi vacibdir:

“Azərbaycanla Ermənistan arasında sülhə mane olmaq istəyən qüvvələr çoxdur. Ermənistanın özündə də sülhə qarşı olan qüvvələr var. Bildiyimiz kimi, Ermənistan parlament respublikasıdır və parlamentdə sülhə qarşı olan müxalifət var.
Eyni zamanda, kilsə və diasporun önəmli bir hissəsi də sülhə qarşıdır. Bu baxımdan, hesab etmək olar ki, Paşinyanın vədlərini yerinə yetirməsi o qədər də asan deyil. Üstəlik, Rusiya və İranın da Ermənistana təzyiqi artıb.
Belə bir şəraitdə kövrək sülhü qoruyub saxlamaq, dayanaqlı sülhə nail olmaq çətin bir prosesdir. Əgər ABŞ və Avropa İttifaqı güclü dəstək versə, Paşinyan müəyyən addımlar ata bilər.
Qənaətimcə, Azərbaycan diplomatiyasının üzərinə vəzifələr düşür”. X.Cəfərli əlavə edib ki, tərəflər arasında siyasi dialoqun davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir:
“Etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar sülh prosesinin geri dönüşü olmayan mərhələyə keçməsinə kömək edə bilər. Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirərək regionda sabitliyin qorunmasına çalışmalıdır.
Əslinə baxanda, Azərbaycan bunda maraqlıdır və bu istiqamətdə lazımi addımlar atamağa hazırdır. Ən əsas məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan cəmiyyətində sülhün alternativsiz olduğu barədə anlayışın güclənməsi vacibdir.
Yalnız qarşılıqlı siyasi iradə və beynəlxalq dəstək sayəsində uzunmüddətli və dayanıqlı sülhə nail olmaq mümkün olacaq.”
Yunis Abdullayev
“Cebehinfo.az”

