Senat Trampın İrandakı müharibə səlahiyyətləri ilə bağlı qətnaməni RƏDD ETDİ
Senat ABŞ Prezidenti Donald Trampın İrandakı müharibə səlahiyyətlərini məhdudlaşdırmağı hədəfləyən qətnaməni qəbul edə bilməyib.
"Cebheinfo.az" xəbər verir ki, 47 senator qətnamənin lehinə, 48 senator isə əleyhinə səs verib.
Respublikaçı senatorlar Rand Paul, Bill Cassidy, Lisa Murkowski və Syuzan Kollins qətnaməni dəstəkləyiblər. Demokrat senator John Fetterman isə dəstəkləməyib.
Son aylarda ABŞ-də Prezidentin Konqresin təsdiqi olmadan başqa bir ölkəyə qarşı uzunmüddətli hərbi əməliyyatlar aparmaq hüququ olub-olmadığı ilə bağlı gərgin müzakirələr gedir. Tramp administrasiyası bu işdə heç bir məhdudiyyət olmadığını iddia edir. Lakin Konqresin bir çox üzvü hesab edir ki, bu cür hallar yalnız icra hakimiyyətindən deyil, həm də qanunverici orqandan yaşıl işıq istəyir.
1973-cü il "Müharibə Səlahiyyətləri Qanunu"na əsasən, Konqres müharibə elan etmək üçün səs vermədiyi və ya güc tətbiqinə icazə verən qanunvericilik qəbul etmədiyi təqdirdə, prezident 60 gündən sonra hərbi əməliyyatları dayandırmalıdır. Qanun birdəfəlik 30 günlük uzadılmaya icazə verir, lakin bu, yalnız prezident Amerika qoşunlarının təhlükəsiz şəkildə geri çəkilməsini təmin etmək üçün əlavə vaxta ehtiyac olduğunu Konqresə yazılı şəkildə təsdiqlədiyi təqdirdə mümkündür.
Konqres hələ ki, İrana qarşı hərbi güc tətbiqinə icazə verməyib və Ağ Ev belə bir icazə almağı planlaşdırdığını açıq şəkildə bildirməyib.
Xəzər
"Cebheinfo.az"
Rəy göndər

