Ofisi də bağlandı: İmamoğlu artıq CHP-nin prezidentliyə namizədi deyil
Məhkəmənin "mütləq etibarsızlıq" qərarından sonra CHP-dəki gərginlik davam edir.
Qərardan sonra partiya rəhbərliyinə qayıdan Kamal Kılıçdaroğlu tərəfindən sədr müavini təyin edilən Berhan Şimşək “CNN Türk”-ün canlı yayımında partiyadaxili müzakirələrin gedişatını tamamilə dəyişdirəcək açıqlamalar verib. Beləliklə, Kamal Kılıçdaroğlunun komandasından həbsdə olan Əkrəm İmamoğlunu və Özgür Özəli hədəf alan sərt bir açıqlama verilib.
“Cebheinfo.az” xəbər verir ki, CHP sədrinin müavini Berhan Şimşək İmamoğlunun artıq partiyanın prezidentliyə rəsmi namizədi olmadığını və prezidentlik ofisinin bağlandığını açıqlayıb.
Şimşək intizam komitələri tərəfindən Özgür Özəl və Əkrəm İmamoğluna qarşı intizam tədbirlərinin görülə biləcəyini deyib. O, Özgür Özəl və Əkrəm İmamoğlunun partiyadan istefa verməli olduqlarını iddia edib.
“İmamoğlu bizim namizədimiz deyil”

Şimşək vəzifəsindən uzaqlaşdırılan Özgür Özəlin rəhbərliyi dövründə CHP-nin prezidentliyə namizədi elan edilən Əkrəm İmamoğlu ilə bağlı çox sərt ifadələr işlədib. Onun namizədlik statusu və partiyadakı gələcəyi ilə bağlı suallara canlı yayımda cavab verən Berhan Şimşək, prezidentlik ofisinin də bağlandığını bildirib və deyib:
"Xeyr, namizədimiz deyil. Prezidentlik ofisi də bağlanıb. Konkret bir şey olmadığı zaman kimisə "prezidentliyə namizəd" adlandırmaq olmaz; onu yalnız "namizədliyə namizəd" adlandırmaq olar".
Şimşək, həmçinin “mütləq etibarsızlıq” qərarından əvvəl sədr olan Özgür Özel və Əkrəm İmamoğlu ilə bağlı partiyanın intizam komitələri tərəfindən qərarların qəbul edilməsi ehtimalından da danışıb.
O, partiya daxilində təmizlənmə prosesinə işarə edib:

"Əgər təmizlənmədən danışırıqsa, vaxtı gələndə bunlar qiymətləndiriləcək. Amma dostlarımız bunu istəyir. Çünki onlar ayrılanda partiyadan parçalar götürmək istəyirlər".
İndiki halda Özgür Özəl və Əkrəm İmamoğlunun partiyadan istefa verməli olduqlarını iddia edən sədr müavini Berhan Şimşek canlı yayımda daha sonra deyib:
"Mən demirəm ki, bu dostları qovacağıq. Amma bu dostlar CHP-nin düşüncə məktəbindən gəliblərsə və özləri təmiz siyasət tərəfdarıdırlarsa, partiyadan istefa verməlidirlər. Əgər mühakimə olunsalar və bəraət qazansalar, geri qayıda bilərlər".
Xəzər
“Cebheinfo.az”

