Rusiya gəmisi Britaniya yaxtasına atəş açdı
Rusiya Müdafiə Nazirliyi Manş dənizində hərəkətdə olan bir Rusiya hərbi gəmisinin onunla toqquşma kursunda irəliləyən Britaniya bayraqlı mülki yaxtaya xəbərdarlıq atəşi açdığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb və yaxta yoluna davam edib.
Rusiya tərəfinin açıqlamasına görə, “Admiral Qriqoroviç” freqatının heyəti “Bright Future” adlı mülki yaxtanın təhlükəli marşrut üzrə hərəkət etdiyini və hərbi gəmiyə həddindən artıq yaxınlaşdığını müəyyən edib.
Radio vasitəsilə qurulan əlaqə cəhdlərinə cavab verilmədikdən sonra Rusiya heyəti əvvəlcə yaxtanın diqqətini çəkmək məqsədilə siqnal fişəngləri atıb.
Yaxtanın təhlükəli yaxınlaşmanı davam etdirməsi və məsafənin təxminən 150 metrə qədər azalması səbəbindən freqat komandiri gəmidəki yüngül silahlarla yaxtanın hərəkət istiqamətinə doğru xəbərdarlıq atəşi açılması barədə qərar verib.
Atəşdən sonra Britaniya yaxtası marşrutunu dəyişərək ərazidən uzaqlaşıb.Rusiya Müdafiə Nazirliyi freqat heyətinin beynəlxalq dənizçilik qaydalarına tam uyğun hərəkət etdiyini və mümkün qəzanın qarşısını almaq üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib.
Böyük Britaniya Müdafiə Nazirliyinin sözçüsü xəbərdarlıq atəşinin birbaşa Britaniya gəmisini hədəf almadığını, bunun “mümkün toqquşmanın qarşısını almaq cəhdi” olduğunu təsdiqləyib.
Hadisənin Uayt adasının 32 kilometr cənubunda, Britaniyanın ərazi sularından kənarda baş verdiyi bildirilib.
Dünyanın ən sıx dəniz nəqliyyatı bölgələrindən biri hesab olunan Manş dənizindən keçən Rusiya hərbi gəmilərinin hərəkəti Britaniya hakimiyyəti tərəfindən mütəmadi izlənilir.
Hadisə zamanı Rusiya freqatının Kral Donanmasına məxsus “HMS Mersey” patrul gəmisi tərəfindən müşahidə edildiyi qeyd olunub.
Britaniya müdafiə mənbələri Rusiya gəmisinin həmin vaxt digər gəmilərə öz gücü ilə manevr etmədiyini və sürükləndiyini göstərən siqnallar verdiyini bildirib.
Bu vəziyyətin Rusiya heyətində daha həssas və müdafiəsiz vəziyyət hissi yaratmış ola biləcəyi, xəbərdarlıq atəşinin isə tək-tək atışlar şəklində həyata keçirildiyi vurğulanıb.
Nigar Hacılı
"Cebheinfo.az"

