Tramp: “Müharibəyə son qoymağın vaxtıdır”
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə söhbətində İranla müqavilənin bir neçə gün ərzində imzalanacağını bildirib.
“Cebheinfo.az”-ın məlumatına görə, “Axios” nəşri ABŞ rəsmilərinə istinadən belə yazıb.
“Bu, sazişdir. Bu, əla bir razılaşmadır və müharibəyə son qoymağın vaxtıdır”, - deyə Tramp bildirib.
Amerika rəsmilərinin sözlərinə görə, bu söhbət İrana qarşı hazırkı hərbi kampaniyadan fərqli nəticə gözləyən İsrail rəhbərliyi üçün sürpriz olub.
Məlumata görə, İsrailin Baş naziri söhbət zamanı kəskin etiraz etməyib və danışıqlar prosesini dayandıra bilməyəcəyini etiraf edib.
Bundan əvvəl İranın enerji və infrastruktur sektorlarına qarşı İsrailin genişmiqyaslı hücumlar planlaşdırdığı, lakin onun Tramp administrasiyası tərəfindən dayandırıldığı xəbər verilir.
“Axios”-a görə, İsrail rəsmiləri potensial razılaşmanın İrana və onun Livandakı “Hizbullah” da daxil olmaqla, bölgədəki müttəfiqlərinə qarşı fəaliyyət azadlığını məhdudlaşdıra biləcəyindən ehtiyat edirlər.
Vaşinqton da öz növbəsində tərəflər arasında koordinasiyanı və bütün iştirakçılar tərəfindən razılaşmalara riayət olunmasını gözlədiyini bildirir.
İsrailin müdafiə naziri İsrael Katz isə qeyd edib ki, ABŞ öz maraqlarına əsaslanaraq hərəkət edir.
Lakin İsrail İranın nüvə proqramı və raket imkanları ilə bağlı əsas prinsiplərin qorunub saxlanılmasını gözləyir:
“Əminik ki, İsrail sonda prosesi dəstəkləyəcək”, - deyə Katz bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”

