Məktəbdə müəllim-valideyn davası - Məktəbdən açıqlama
Paytaxtın Yasamal rayonu, 161 nömrəli orta məktəbin müəllimi və valideyn arasında gərginlik yaşanıb.
Cebhe.info BAKU.WS-ə istinadla xəbər verir ki, valideynin iddiasına görə, qızı Fatimə Şeydayevaya müəllimlər tərəfindən böhtan atılıb. Guya qızı, Əsmər müəllimin qardaşı oğlu Hüseynlə sevgilidir. Elə buna görə də qızını məktəbdən qovublar:
"Fevralın 13-ü Hüseynlə bibisi Əsmər müəllim qızımı məktəbdən qovdular. Qızımın sinif rəhbəri də Əsmər müəllimdən qorxur. Ona görə başımıza belə oyun açırlar".
Hətta valideyn baş verən hadisələrlə bağlı qızının sinif rəhbəri ilə telefon danışığının səs yazısını da təqdim edib.
Məktəbdən bildirilib ki, göndərilən səs yazısı məktəbin "8a" sinfinin rəhbəri və riyaziyyat fənn müəllimi Züleyxa Abdullayevaya və həmin sinifdə təhsil alan Ayselin valideyni Esmira Şeydayevaya məxsusdur.
"Baş verən mübahisə valideynin iddia etdiyi kimi deyil. 13.02.2023-cü il tarixində "8a" sinif şagirdi Fatimə Şeydayeva 1-ci və 2-ci saat dərslərdə iştirak etməyib. 3-cü dərsin tənəffüs zamanı sinif yoldaşı Fərid Babazadə ilə münaqişə yaşayıb və stolu ayağına vurub, söyüş söyərək sinif otağını tərk edib.
O, məktəbin giriş qapısına nəzarət edən texniki işçi Mehriban Ağayevanın məktəbi tərk etməmək barədə iradına məhəl qoymadan məktəbi tərk edib. Sinif rəhbəri valideynə bu barədə məlumat verdikdə valideyn Esmira Şeydayeva məktəbə aqressiv şəkildə gələrək qışqır-bağır salıb. Baş verən hadisə haqqında ətraflı məlumat aktlarda öz əksini tapıb".
Məktəbdən o da bildirilib ki, 13.02.2023-cü il tarixindən şagird məktəbə gəlmir. Valideyn Esmira Şeydayeva direktora şərt qoyaraq Hüseynin məktəbdən çıxarılmadığı təqdirdə övladı Ayseli məktəbə göndərməyəcəyini bildirib:
"Məktəb rəhbərliyi öz növbəsində şagirdin təhsildən yayındığı barədə Yasamal rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verib. Valideyn baş vermiş hadisəni tamamilə fərqli formada Yasamal rayon Prokurorluğuna ərizə şəklində şikayət edib. Prokurorluğa çağırılan Tağıyeva Ruhiyyə, Abdullayeva Züleyxa, Əliyeva Əsmər, 8a sinif şagirdi Hüseyn və valideyni hadisəni olduğu kimi öz izahatları ilə izah ediblər".
Cebhe.info