Qəbul asan, balı az: İmtahanda seçim belə olur

Qəbul asan, balı az: İmtahanda seçim belə olur

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat prosesi davam edir.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, indiyədək 46 mindən çox abituriyent qeydiyyatdan keçib.

Ən çox qeydiyyat I ixtisas qrupundadır. 15 421 nəfər bu qrup üzrə müraciət edib. II ixtisas qrupu üzrə 14 091 nəfər, III qrup üzrə 13 634 nəfər, IV qrup üzrə isə 3 687 nəfər qeydiyyatdan keçib.

Maraqlıdır, I qrupa qeydiyyat sayının çox olması nə ilə bağlıdır? Hazırda qəbul olmaq asandır, yoxsa iş tapmaq?

Təhsil üzrə ekspert Kamran Əsədov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verənlərin sayında kəskin artım var: 

"Ali təhsil müəssisələrinin bakalavr pilləsinə 115 mindən çox şəxs səndə verib. Bu, son 5 il ərzində ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin sayının kəskin şəkildə artdığını göstərir. Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, bu il qəbul olmaq istəyənlər arasında yüksək bal toplayanların sayında da artım var. İxtisas qrupları üzrə ilkin vəziyyəti təhlil aparsaq, hazırkı vəziyyətə görə 1 və 2-ci ixtisas qrupu üzrə sənəd verənlərin sayında ciddi artım görürük".

Ekspert bildirib ki, bu il 1-ci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyent sayının 30 min olması proqnozlaşdırılır:

"Bunun əsas səbəbi 1-ci ixtisas qrupu üzrə ixtisasların əmək bazarının tələbinə uyğun olması və daha çox müasir dövrün perspektivli ixtisasları olmasıdır.

Belə ki, 1-ci ixtisas qrupu üzrə ali təhsil müəssisələrində informasiya texnologiyaları, kompüter mühəndisliyi kimi ixtisaslar var ki, bunlar da perspektivli ixtisas hesab olunur. Həmçinin, 1-ci ixtisas qrupu üzrə ali məktəblərə qəbul olmaq imkanı digər qruplarla müqayisədə daha çoxdur. 

Yəni, 1-ci ixtisas üzrə ali məktəblərə qəbul olmaq şansı digər qruplarla müqayisədə daha asandır, ən aşağı balla ali məktəblərə qəbul olmaq mümkündür". 

Kamran Əsədovun sözlərinə görə, qruplar içindı sənəd qəbulunda azalma 3-cü qrupdadır:

"2-ci isə məhz iqtisadiyyat sahəsinə aid olan qrupdur və burada da rəqəmlərin artdığını müşahidə edirik. 2-ci qrup üzrə 22 min abituriyentin ali məktəblərə sənəd vermə ehtimalı var.

Təbii ki, son illər 3-cü ixtisas qrupu üzrə azalmanı müşahidə edirik. Bunun bir neçə səbəbi var. 3-cü ixtisas qrupu üzrə abituriyentlər daha çox pedoqoji ixtisaslara yönəlir. Digər ixtisaslara qəbul olmaq üçün yüksək ballar lazım gəlir. Ona görə də abituriyentlər bunda maraqlı olmur. 

4-cü ixtisas qrupu üzrə abituriyentlərin sayının 5 min civarında olması gözlənilir. Düşünürəm ki, burada isə ixtisas seçimi daha çox tibb sahəsi üzrə gedəcək. Bu il artım 5-ci ixtisas qrupunda daha çox müşahidə olunur. 95 mindən çox abituriyent qəbul üçün sənəd verib". 

O qeyd edib ki, ümumilikdə 1-ci ixtisas qrupu üzrə qəbulda ciddi rəqəm müşahidə olunacaq:

"Ali təhsil müəssisələrinin ən gərgin müsabiqə şərti 1 və 2-ci qrup olacaq. Bu qruplar üzrə balların yüksəlməsini gözləyirik, qəbul plan yerləri də artacaq. Bu da ciddi müsabiqə şərtinin formalaşmasına gətirib çıxaracaq". 

Bildirək ki, abituriyentlərin qeydiyyat 6 may saat 23:59-da başa çatacaq. 

Naibə 
"Cebhe.info"