Xəzər bir necə ildən sonra “dəniz” kimi qalmaya bilər?

Xəzər bir necə ildən sonra “dəniz” kimi qalmaya bilər?

Hazırda iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir.

Onlardan biri də Xəzər dənizində suyun səviyyəsinin getdikcə aşağı düşməsidir.

Belə ki, Xəzərdə suyun səviyyəsi son 5 il ərzində 69 santimetr, son 10 ildə 114 santimetr aşağı enib. Peyk görüntülərinə əsasən, dəniz 800 metr geri çəkilib.

Mütəxəssislər hesab edir ki, dənizin səviyyəsi çayların axınının azalmasının da bu məsələdə təsiri var. Məhz iqlim dəyişiklikləri Xəzərin səviyyəsinə əsas təsir edən səbəblər siyahısında ilk yerdədir.

Bununla yanaşı, Xəzər dənizinin suyunun çəkilməsi yalnız Azərbaycanda müşahidə edilmir, bu problem həmçinin Qazaxıstan, Türkmənistan tərəfdə də narahatlıq doğrurur.

Mövzu ilə bağlı AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu problem ciddiləşib:

"Xəzər dənizinin yaranma tarixindən indiyədək onun səviyyəsinin enib-qalxması davam edir. Bunun nə insanla, nə də suvarma ilə əlaqəsi var. Bu, dənizin özünəməxsus xarakteridir. Su səviyyəsinin artıb azalması hövzəyə daxil olan və oradan ayrılan su balansından asılı olan bir məsələdir.

Belə çəkilmələr 50-70 ildən bir olur, yəni çəkilir, daha sonra əks tərəfə gəlməyə başlayır. Bu, dənizin quruması demək deyil. Kobud dildə desək, dəniz dibinin çökməsidir. Tektonik hərəkətlər, çəkilmələr, qalxmalar normaldır. Abşeron yarımadasında 2,7 metrədək qalxır, daha sonra enir. Bu mümkün təbiət hadisəsidir.   Xatırladım ki, 1970-ci ildə Xəzər bundan da çox quruyub. Hər 35 ildən bir isə Xəzərin səviyyəsi artır. Düşünürəm ki, bir neçə ildən sonra çəkilmələr dayanacaq, hazırda narahatlığa əsas yoxdur". 

Naibə
"Cebhe.info"