Bu maşınlara yol verməyənlərə 100 manat cərimə var – RƏSMİ

Bu maşınlara yol verməyənlərə 100 manat cərimə var – RƏSMİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sürücülərə təcili yardım avtomobillərinə yol verməklə bağlı çağırış edib.

Bununla bağlı videomüraciət hazırlanıb.

Videomüraciətdə yollarda təcili yardım avtomobillərinə yol verməyin nə qədər zəruri və həyati əhəmiyyətli olması qeyd edilib.

Maraqlıdır, təcili yardıma yol verməyən sürücüləri hansı cəza gözləyir?

Məsələ ilə bağlı "Cebhe.info"-ya açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, Azərbaycanda operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati İnzibati Xətalar Məcəlləsinin (İXM) 331-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə də 100 manat və 3 bal cərimə tətbiq olunur:

““Yol hərəkəti haqqında” Qanuna görə, operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, ali vəzifəli şəxslərin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.

Qanunun tələbinə uyğun olaraq operativ nəqliyyat vasitələrinin üstünlükləri “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsində öz əksini tapıb. Belə ki, üstündə “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər.

Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar. Nəzərdə tutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, hərəkətdə iştirak edən digər nəqliyyat vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar".

Ləman İsmayıl
"Cebhe.info"