Azərbaycanda da  qayınanaya görə vergi ödəniləcək? 

Azərbaycanda da  qayınanaya görə vergi ödəniləcək? 

Türkiyədə daşınmaz əmlak sektorunda maraqlı yenilik gözlənilir.

Hökumətin təşəbbüsünə əsasən evlərində qohumlarını kirayə haqqı olmadan saxlayanlardan vergi tutulacaq. Türkiyənin Maliyyə Nazirliyi tərəfindən 2024-cü ilin mart ayında bəyan ediləcək 2023-cü il kirayə gəlirləri ilə bağlı yoxlama işlərinə başlanılıb. İlkin məlumatlara görə, Torpaq Reyestri və Kadastr Baş İdarəsi ilə Əhali və Vətəndaşlıq İşləri Baş Müdirliyindən alınan rəqəmlər müqayisə edilərək, kirayəçi və ev sahibi kimi kirayə gəliri əldə etmək potensialı olan təxminən 4,5 milyon ev araşdıılıb.

Araşdırma zamanı həmin evlərin mülkiyyətçiləri ilə burada qalanlar arasında qohumluq əlaqələrinin olub olmadığı yoxlanılıb. Məlum olub ki, ölkədə 2 milyona yaxın ev kirayəyə verilə bilər. Amma o da məlum olub ki, burada yaşayanların bir hissəsi ev sahibinin uzaq qohumlarıdır. Türk ekspertləri bildirir ki, Maliyyə Nazirliyi sözügedən 2 milyon evə bir-bir gedərək hansının kirayəyə verildiyini, burada kimlərin yaşadığını müəyyənləşdirəcək.

Bu kontekstdə kirayəçilərdən icarə müqaviləsi, icarəyə götürdükləri tarix, icarə haqqı və ödənişi necə həyata keçirdikləri ilə bağlı məlumat vermələri xahiş olunacaq. Qanuna görə, kirayəyə verilən evlərdən icarə haqqına uyğun vergi tutulur. Amma qohumlar həmin evlərdə pulsuz qaldıqlarına görə vergi də ödənilmir. İndi isə təklif olunur ki, yaxın qohumları (ata, ana, övladlar) çıxmaq şərtilə uzaq qohumların yaşadığı evlərdən də vergi tutulsun. Bu verginin məbləği orada adi kirayəçi qaldıqda ödənilməli olan kirayə haqqına uyğun olacaq:

“Vergi Qanununda “ev kirayəsiz, pul faizsiz ola bilməz” qaydası keçərlidir. Bu qaydaya görə, mülkiyyətində olan evlər icarə haqqı olmadan vətəndaşlara buraxıla bilməz. Bunun qarşısını almaq üçün Gəlir Vergisi Qanununda “presedent icarə haqqı” tənzimləməsi aparılıb”. 

Bəzi məlumatlara görə, yeni qayda Türkiyədə evlərin boş saxlanmasının qarşısını almaq üçün tətbiq olunacaq. Məsələ bundadır ki, Azərbaycanda olduğu kimi, Türkiyədə də bəzi şəxslər çoxsaylı mənzil və evlər alaraq onları boş saxlayır, nəticədə bazarda yaranan mənzil qıtlığı evlərin satışı və kirayə qiymətlərini artırır. Həm də Türkiyədə boş olan evlərə əlavə vergi tətbiq edilir bu vergini ödəməmək üçün bəzi şəxslər evə uzaq qohumlarını yerləşdirirlər – təbii ki, kirayə haqqı almadan. İndi isə hökumət tələb edir ki, evlərə görə kirayə haqqı alınsın və ondan vergi ödənilsin. Evdə qohumların qalması da bu qaydaya mane olmayacaq. 

Yeniliyə əsasən, ev sahibləri evi yalnız ən yaxın qohumlara kirayə haqqısız verəcəklər, qalan qohumlar, məsələn, qayınana, dayı, bibi üçün vergi ödəmək lazım olacaq. 

Qeyd edək ki, bu gün ölkəmizdə də bu sahədə problemlər var. Belə ki, Azərbaycanda da bəzi şəxslər çoxsaylı mənzil və evlər alaraq onları boş vəziyyətdə saxlayır, beləliklə də bazarda yaranan mənzil qıtlığı evlərin satışı və kirayə qiymətlərini artırır. Nəticədə isə imkanlı şəxslər daha çox mənzili sahibi olur, kirayədə yaşayanlar isə ev ala bilmir. 

Ümumiyyətlə, Türkiyədəki daşınmaz əmlakla bağlı vergi qaydaları Azərbaycanda da tətbiq edilə bilərmi? 

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı “Cebhe.info”-ya bildirib ki, nəzəri baxımdan bu qaydaların tətbiqi mümkündür:

“Ancaq məsələyə praktik cəhətdən yanaşmaq lazımdır. Bizdə mənzillərin, ümumiyyətlə, daşınmaz əmlakın kirayəsi istiqamətində vəziyyət qeyri-qənaətbəxşdir. Yəni bu prosesi tam şəkildə nəzarətə götürmək, tənzimləmək hələ mümkün deyil. Bu baxımdan, ilk növbədə hökumət daha çox kirayə mənzillərlə bağlı vəziyyətin tənzimlənməsi üzərində dayanmalıdır.

Bütün ölkə üzrə kirayə mənzillər qeydiyyata alınmalıdır. Hansı kirayə mənzillərlə bağlı kirayə müqavilələri mövcud deyil, onlarla kirayə müqaviləsi bağlanması barədə göstərişlər verilməli, nəzarət olunmalıdır. Bu proses başa çatandan sonra mövcud reallıqları, digər daxili faktorları nəzərə alaraq, bu istiqamətdə müəyyən qərarların qəbulu ilə bağlı müzakirələr başlaya bilər.

Ancaq indiki halda bunu aktual hesab etmirəm. Çünki hazırda ən aktual məsələ mənzillərin kirayə münasibətləri üzrə tam şəkildə kirayə müqavilələrinə cəlb olunmasıdır. Bu probem həllini tapdıqdan sonra artıq digər məsələni müzakirəyə çıxara bilərik”. 

Bir vətəndaşın çox sayda evinin olması və onların da qohumlarının adına rəsmiləşməsi ilə bağlı fikirlə razılaşan ekspert deyir ki, ölkəmizdə əmlakın idarəedilməsi baxımından problemlər çoxdur, vəziyyət acınacaqlıdır:

“Boş, içərisində yaşayış olmayan mənzillərin bu sahəyə həddən artıq zərbəsi var. Ancaq ilk növbədə digər istiqamətdən başlamalıyıq. Bu gün Azərbaycanda çox sayda kirayə münasibətlərinə cəlb olunmayan əmlak var. İlk növbədə bu problemin həllini düşünməliyik. Azərbaycan ümumi kirayə mənzil fondunun 80 faizindən çoxu faktiki olaraq rəsmi qaydada kirayə münsibətlərinə cəlb olunmayıb.

Belə olan təqdirdə Türkiyə praktikasına əsaslanıb belə bir qərar qəbul etsək, nə faydası olacaq? Ona görə də ilk növbədə qeyd etdiyim istiqamətlər üzrə məsələlərə baxılmalı, addımlar atılmalıdır. Nəzəri məsələlərə, digər ölkələrin təcrübəsinə baxıb icra olunmayan qərarların qəbulu bizə heç nə verməyəcək”.

Nigar Abdullayeva 
“Cebhe.info”