Neft ucuzlaşır: Büdcə pulsuz qalacaq?

Neft ucuzlaşır: Büdcə pulsuz qalacaq?

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşmaqda davam edib.

Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,72 ABŞ dolları və ya 0,84% azalaraq 84,55 ABŞ dolları təşkil edib. Azərbaycan neftinin dünya bazarında qiyməti nə zamana qədər ucuzlaşmaqda davam edəcək? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Razi Abbasbəyli “Cebhe.info”-ya şərhində 2024-ci il üçün Azərbaycan neftinin bir barrelin qiymətinin 60 dollar civarında götürüldüyünü bildirib:

“Yəqin ki, bu ilin sonuna qədər dünya bazarında neftin qiymətinin ucuzlaşması bir az da sürətlənəcək. 

Əgər OPEC+ təşkilatına üzv olan ölkələr arasında neftin hasilatının sabit saxlanılması ilə bağlı razılaşma əldə olunmazsa, o zaman bazarda qiymətlər bir az düşəcək. Hazırda OPEC+  üzvü olan ölkələr öz sadiqliyini nümayiş etdirir”. 

Ekspertin fikrincə, burada başqa bir məsələni də nəzərdən keçirmək lazımdır: 

“Rusiya öz neftini dünya bazarında ucuz qiymətə satır. Xüsusilə də Rusiyanın nefti Çin və Hindistan tərəfindən idxal edildiyinə görə, dünya neft bazarında böyük tələbat yaranıb, təklif səviyyəsi isə aşağı düşüb. Görünən budur ki, ABŞ-də noyabrında keçiriləcək prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, bu, neftin qiymətinə öz təsirini göstərəcək. Geosiyasi proseslərə gəlincə, həm Rusiya-Ukrayna müharibəsi, həm də İsrail-HƏMAS müharibəsi neftin qiymətində dəyişikliklərə gətirib çıxarmayacaq. Hər iki müharibə dünya neft bazarında gərginliyi saxlayacaq və bu gərginlik qaldıqca dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşması müşahidə olunmayacaq”. 

Həmsöhbətimiz onu da əlavə edib ki, Azərbaycan dövlət büdcəsində 2024-ci il üçün neftin bir barrelinin qiyməti 60 dollar civarı üzərində götürülüb: 

“Hələlik “Azeri Light” markalı neftin qiymətinin təhlükəli səviyyəyə qədər ucuzlaşması ilə bağlı proqnozlar yoxdur. Bu ilin əvvəlindən bu günə qədər “Azeri Light” markalı neftin qiyməti 80 dolar civarında dəyişir. Həftə sonlarında isə sözügedən neftin qiymətində 1 % və 1.5% ucuzlaşma olur. Nəticə etibarilə, bu, Azərbaycan büdcəsinə ciddi təsir göstərməyəcək”. 

Yunis Abdullayev 
“Cebhe.info”