Milli mətbəximiz etibarlı əllərdədir? - Tahir Əmiraslanovdan REAKSİYA

Milli mətbəximiz etibarlı əllərdədir? - Tahir Əmiraslanovdan REAKSİYA

Hər bir xalqın mətbəx mədəniyyətinə görə, onun yaşayış tərzi və tarixi haqqında fikir söyləmək olar.

Xalqın mətbəxi onun tarixidir və demək olar ki, onun yaşıdıdır.

Azərbaycanın da hər regionunda özünəməxsus mətbəx ənənəsi vardır. Azərbaycan kulinariyası öz tarixinə və özünəməxsusluğuna görə digər qonşu xalqların mətbəxindən xeyli fərqlənir. Milli xörəklərimiz dadına və hazırlanma texnologiyasına görə daim şöhrət qazanıb. 

Maraqlıdır, hazırda milli mətbəximiz hansı inkişaf mərhələsindədir?

Məsələ ilə bağlı Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycan mətbəxi tənəzzül mərhələsindədir:

"Bu gün içimizdəkilər tərəfindən mətbəximiz yarımcan vəziyyətə salınıb. Azərbaycan Milli Kulinariya Mərkəzi dağılıb, zəifləyib. Bundan əlavə, konsepsiya, milli mətbəx üzrə təhsil müəssisələri yoxdur”.

O bildirib ki, milli mətbəxin tənəzzüldən tərəqqi mərhələsinə keçməsi üçün əvvəla, Azərbaycan Milli Kulinariya Mərkəzini yenidən bərpa etmək və əvvəlki iş sisteminə qaytarmaq və gücləndirmək lazımdır:

"Milli mətbəxi öyrənməli, toplamalı, milli mətbəxin kompleks tədqiqatları və tanıdılması institutu və Milli Kulinariya Muzeyi yaradılmalıdır. Bununla yanaşı, milli mətbəx üzrə universitet, lisey və kolleclər olmalıdır".

Ləman İsmayıl
"Cebhe.info"