Günel Yaz: “Hədəfimiz Türk irsini qorumaq, öyrənmək və təbliğ etməkdir” - MÜSAHİBƏ

Günel Yaz: “Hədəfimiz Türk irsini qorumaq, öyrənmək və təbliğ etməkdir” - MÜSAHİBƏ

"Türk Mədəniyyəti və İrsi Fondu qəti şəkildə inanır ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş torpaqlarda müxtəlif yenidənqurma və bərpa layihələrini çox yüksək səviyyədə həyata keçirir. Bizim fond bu proseslərə öz töhfəsini vermək istəyir".

Bu sözləri Türk Mədəniyyəti və İrsi Fondunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günel Yaz "Cebhe.info"-ya müsahibəsində deyib. 

Müsahibəni təqdim edirik:

- Günel xanım, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ideyası necə yarandı?

- Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilib. Fondun Nizamnaməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) 23 avqust 2012-ci il tarixində keçirilmiş Bişkek Zirvə Görüşündə qəbul edilib. 2015-ci ildə isə katiblik yaradılıb və Günay Əfəndiyeva Fondun prezidenti teyin olunub. 2023-cü ilin 3 noyabr tarixində isə Astanada keçirilən zirvə görüşündə Fonda prezidentlik Qazaxıstana keçib. Yeni prezident Qazaxıstanın keçmiş mədəniyyət Naziri Aktoti Raimkulova təyin olunub. 

- Fondun əsas hədəfləri nələrdir?

- Fondun əsas məqsədi müxtəlif fəaliyyətlərə, layihə və proqramlara dəstək verərək, onları maliyyələşdirərək, türk mədəniyyətini və irsini qorumaq, öyrənmək, təbliğ etməkdir. Həmçinin, türk dövlətləri və millətləri arasında dialoq qurmağı hədəfləyirik. 

Onu da qürurla bildirmək istəyirəm ki, Türk Mədəniyyəti və İrsi Fondunun əsas missiyası türk xalqının zəngin və çoxəsrlik tarixini, mədəniyyətini və irsini qorumaq və təbliğ etməkdir.

- Fond Türk birliyinin yaranmasında hansı xidmətləri göstərə bilər?

- Fond Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması münasibətiylə 2022-ci ildə Bursada “Şuşa Günləri”nin keçirilməsi təşəbbüsüylə çıxış etdi. Çox qürurverici haldır ki, bu təşəbbüs türk dövlətlərinin başçıları tərəfindən imzalanan və Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə Görüşündə qəbul olunan Bəyannamədə də öz əksini tapdı. “Şuşa Günləri” böyük bir layihədir və müxtəlif proqramlardan ibarətdir. Buraya ötən il 190 illiyi qeyd olunan Xurşidbanu Natəvanın yaradıcılığına dair Fondun hazırladığı sənədli film və ədəbi-musiqili kompozisiya, Şuşanın 270 illiyinə həsr olunan və Qarabağın tarixi həqiqətlərini canlandıran “Şuşada ürəyim qaldı” tamaşası, məşhur fotoqraf Reza Deqatinin “Azərbaycanın İncisi Şuşa” fotosərgisi, tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın “Qarabağ Milli Geyim Kolleksiyası”nın təqdimatı daxil edildi. 

Eyni zamanda, silsilə tədbirlər çərçivəsində Fondun himayəsi ilə yaradılan və 7 ölkəni – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən xanım musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konsertləri də yer aldı.

- Bu layihəyə nələr daxildir? 

- Layihə mədəniyyətin bir çox sahələrini – ədəbiyyatı, teatrı, kinonu, musiqini, fotografiyanı, milli geyim sənətini özündə ehtiva etdi. Yəni biz Şuşanın tarixi irsini, Qarabağın mədəniyyətini və incəsənətini hərtərəfli göstərmək istəyirdik. Qürurla deyə bilərəm ki, Türk Dünyasının müxtəlif şəhərlərində, Bursada, Daşkənddə, Astanada, Türküstanda, eləcə də Budapeştdə Şuşa şəhərinə həsr olunmuş tədbirlər təşkil etdik.

Onu da əlavə etmək istəyirəm ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasının maddi-mədəni irsi, qədim adət-ənənələri və milli dəyərlərinə dair proqramların, verilişlərin, sənədli filmlərin yayımlanacağı “Turk Discovery” yutub platforması yaradılıb. Genişmiqyaslı layihə türk xalqlarının milli-mədəni sərvətlərinin qlobal auditoriyaya çatdırılmasına töhfə vermək məqsədilə həyata keçirilir.

- Qədim türk irsinin dirçəldilməsi və dünyada təbliği üçün hansı yeni layihələr planlaşdırılır?

- Münaqişədən və müharibədən sonrakı dövrlərdə mədəniyyət yenidənqurmada, sülhün və barışığın təşviqində çox mühüm rol oynayır. Münaqişə və müharibədən sonra cəmiyyətlər təkcə öz infrastrukturlarını və iqtisadiyyatlarını deyil, həm də şəxsiyyətlərini və ruhlarını yenidən qurmaq kimi nəhəng vəzifə ilə üzləşirlər. İstənilən xalqın toxuması onun öz mədəniyyətinin - incəsənətinin, tarixinin, adət-ənənələrinin, dəyərlərinin sapları ilə toxunur. Belə zamanlarda mədəniyyətin rolu çoxşaxəli və dərin təsirli ola bilər. Mədəniyyət münaqişəli qruplar arasında uçurumu aradan qaldırmaq üçün güclü bir vasitə rolunu oynayır. Mədəni təşəbbüslər icmaları bir araya gətirə və əvvəllər döyüşən qruplar arasında dialoq və anlaşmanı təşviq edə bilər.

Bu baxımdan, münaqişədən və müharibədən sonra mədəniyyətin dirçəlişi və qorunması üçün daimi sülhü təmin etmək məqsədi daşıyan Azərbaycan Mədəniyyət Nazirliyinin irəli sürdüyü “Mədəniyyət üçün sülh” təşəbbüsünü alqışlamaq istərdim.

Dünyanın bir çox ölkələrində davam edən mədəni kimliyin silinməsi prosesində ortaq türk mədəniyyətinin və irsinin təbliği, qorunması və bərpası məsələləri böyük əhəmiyyət kəsb edir. Ötən il noyabrın 3-də keçirilən Türk Dövlətləri Təşkilatının Astana Zirvə toplantısından sonra bütün türk dövlətləri və təşkilatları TURKTIME şüarı altında strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub. 

- Gələcək fəaliyyət istiqamətləriniz necə olacaq? 

- Təşkilatımızın strateji istiqamətlərinə uyğun olaraq mühüm fəaliyyətləri sırasında Türk maddi və qeyri-maddi mədəni irsinin qorunması, mühafizəsi və bərpası üçün hüquqi bazanın - Türk Mədəni İrsi Konvensiyasının hazırlanması, Türk Mədəni İrsi Konvensiyasının hazırlanması yer alacaqdır. İrs Siyahısında digər Türk Əməkdaşlıq Təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində gənclərin türk adət-ənənələrinə və dəyərlərinə daha da yaxınlaşması istiqamətində işlər gücləndiriləcək, Türk İrsi Rəqəmsal Platformasının yaradılması istiqamətində addımlar atılacaq.

Üzv, eləcə də müşahidəçi ölkələrdə aparılan bərpa və yenidənqurma prosesinə fəal töhfələr Fondun növbəti illər üçün Fəaliyyət Planının birinci sıralarına daxil ediləcək. Zədələnmiş mədəniyyət obyektlərinin və artefaktların diqqətlə bərpası cəmiyyətin dayanıqlığının və keçmişi xatırlamaq və ondan dərs almaq əzminin simvolu kimi xidmət edir.

- Fondun Qarabağla bağlı hansı planları var? 

- Bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib, Qarabağ bölgəsinin ilkin və tarixi simasını bərpa etmək, köhnə ruhunu dirçəltmək üçün genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Keçmiş qaçqın və məcburi köçkünlərin geri qayıtması sülh və təhlükəsizlik şəraitində yavaş-yavaş irəliləyir. Türk Mədəniyyəti və İrsi Fondu qəti şəkildə inanır ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş torpaqlarda müxtəlif yenidənqurma və bərpa layihələrini çox yüksək səviyyədə həyata keçirir. Bizim fond bu proseslərə öz töhfəsini vermək istəyir. 

Bununla əlaqədar olaraq təşkilatımız Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq nəticəsində işğaldan azad edilmiş Füzuli kəndində işğal zamanı vandalizmə məruz qalmış məscidin bərpasını planlaşdırır. Türk Mədəniyyəti və İrsi Fondunun “Şuşanın 2024-cü il İslam Dünyası Mədəniyyət Paytaxtı” elan edilməsi çərçivəsində Qarabağın İslam irsinin bərpasında iştirak etməsi bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətinin daha bir göstəricisidir.

Təqdirəlayiq haldır ki, Türk dövlətləri Azərbaycanın Qarabağ bölgəsində aparılan bərpa işlərində çox fəaldırlar. Qazaxıstanın Füzuli şəhərində Uşaqlar üçün Yaradıcılıq Mərkəzinin, Özbəkistan tərəfindən xilas edilən Füzuli məktəbinin tikintisi mühüm layihələr arasındadır.

Elmir Mustafa
"Cebhe.info"