EOC prezidenti: "Azərbaycan Avropa Oyunlarının necə keçirilməli olduğunu göstərdi"

EOC prezidenti: "Azərbaycan Avropa Oyunlarının necə keçirilməli olduğunu göstərdi"

"Azərbaycan Avropa Oyunlarının necə keçirilməli olduğunu göstərdi".

Bunu Bakıda səfərdə olan Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralos jurnalistlərə açıqlamasında deyib.

Funksioner bildirib ki, bu yarışın tarixi məhz Bakıda başlayıb: "Məhz burada Avropa Oyunlarının atəşi alovlandı. Biz hər zaman azərbaycanlı qardaşlarımızın dəstəyini hiss edirik".

EOC rəhbəri sözlərinə görə, Azərbaycan gələcəkdə də bu yarışın təşkilinə namizədliyini verə bilər: "Ölkədə bunun üçün çox güclü infrastruktur var. Bakıda keçirilən ilk Avropa Oyunlarını xatırlayıram, hər şey - arena, azarkeşlər əla idi. Azərbaycan dünya səviyyəli turnirlər təşkil etməklə hələ də ən yüksək zirvədədir. Ötən həftə burada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın ziyarət etdiyi taekvondo üzrə dünya çempionatı başa çatıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan istənilən yarışın öhdəsindən gələ bilər".

O, IV Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin hələ müəyyənləşmədiyini söyləyib: "Bu məsələ gündəmdə qalmaqda davam edir. Azərbaycan yarışın təşkili ilə bağlı elə irs qoyub ki, sonrakı ev sahibləri ən azı Bakıdakı standartlara cavab verməyə çalışırlar".

Kapralos deyib ki, III Avropa Oyunlarının proqramında dəyişiklik edilsə də, strategiya dəyişməz olaraq qalır: "3x3 basketbol və karatenin Bakının proqramına necə daxil edildiyini xatırlayıram. Hər iki növ sonradan Olimpiadanın bir hissəsi oldu. Buna görə də Avropa Oyunları bir çox növlərin özünü yeni səviyyədə ifadə etməsi üçün bir şansdır. Krakovda bir sıra idman növləri üzrə lisenziyalar, digərlərində reytinq xalları oynanılacaq ki, bu da Paris Olimpiadası ərəfəsində iştirakçılar üçün yaxşı kömək olacaq".

Avropa Olimpiya Komitələrinin prezidenti Azərbaycanın III Avropa Oyunlarında güclü komanda ilə təmsil olunacağını vurğulayıb: "Bilirəm ki, idmançılarını yüksək yerlər uğrunda mübarizə aparacaqlar”.

Cebhe.info