Bir ayda 440 manata yaşamaq olar?

Bir ayda 440 manata yaşamaq olar?

Pərakəndə ticarət dövriyyəsi haqqında məlumatlar açıqlanıb.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard 474,2 milyon manatlıq, o cümlədən 7 milyard 543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 5,1 faiz, fərdi sahibkarlar üzrə 2,8 faiz, bazar və yarmarkalarda 1,5 faiz artıb. 

Hesabat rübündə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 440,9 manatlıq, o cümlədən 246,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 194,1 manatlıq qeyri-ərzaq malları alıb. 

Maraqlıdır, indiki qiymətlərlə bir nəfər üçün bir ayda 440,9 manatlıq alış- veriş yetərlidir? 

Mövzu ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, 440 manat bir ay üçün yetərli məbləğ deyil:

“İstehlak bazarına nəzər salsaq görərik ki, ölkədə hər il 10 faizdən çox inflyasiya olur. Əlbəttə, bu, rəsmi statistikada göstərilən rəqəmdir. Realda həmin faiz rəqəmləri daha artıq ola bilər. Çünki marketlərdə vətəndaşların ərzaq səbətini doldurması üçün alınan ərzaq məhsullarının qiyməti stabil deyil. Elə ən azı ətin qiymətinə baxdıqda bunu müşahidə etmək olar”. 

İqtisadçının fikrincə, 440 manat 1 ayda bir nəfər üçün o halda yetərli ola bilər ki, istehlakçı aldığı məhsula qənaət etsin:

“İstehlak bazarında ərzaq məhsullarının qiyməti heç də aşağı deyil. Əgər vətəndaş ərzaq məhsullarının alışı zamanı qənaət edərsə, o zaman yetərli ola bilər. Ancaq yenə də yaşayış norması üçün 440 yetərli məbləğ deyil. Çarə olaraq vətəndaşlar 1 həftəlik bazarlığını öncədən alır ki, qiymət artımını nisbətən az hiss etmiş olsun”. 

Başqa bir iqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, rəsmi stastikada göstərilən məbləğlərin dəqiqləşdirilməsinə ehtiyac var. “Bu məbləğ ticarət mərkəzlərindən və bank hesablarından əldə olunmuş məbləğlərə istinad edilib göstərilən vəsaitdir. Həmin məbləğlərin yenidən dəqiqləşdirilməsi lazımdır. Çünki ticarət dövriyyəsində işlədilən vəsaitlərin hər biri  qeydiyyata düşmür. Yəni bir istehlakçının aylıq xərci göstərilən məbləğlərdən daha yüksəkdir”. 

Həsən Məmmədov
"Cebhe.info"