Qəbulda test dövrü başa çatır: “Təhsilimizi tamamilə dağıtdı”

Qəbulda test dövrü başa çatır: “Təhsilimizi tamamilə dağıtdı”

COVID-19 pandemiyası təhsili azı 2 il geri salıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. 

Nazir qeyd edib ki, biz indi 2-3 il əvvəl müşahidə etməli olduğumuz nəticəni müşahidə edirik:

“Bildiyiniz kimi, buraxılış imtahanlarının formatı 2018–2019-cu illərdən başlayaraq dəyişdi, açıq suallara keçdik. O dövrdə bu dəyişikliklər cəmiyyət tərəfindən birmənalı qarşılanmadı, geniş müzakirələr oldu. İstənilən dəyişiklik belə olur. Amma bu gün biz görürük ki, dəyişikliklər cəmiyyət tərəfindən yaxşı mənada həzm olunub. Bu haqda statistik məlumatlar həmkarımız Dövlət İmtahan Mərkəzi tərəfindən daha geniş formada ictimaiyyətə açıqlanacaq.

Amma istər açıq, istər analitik düşüncəni üzə çıxaran suallarda, istərsə də yazı tapşırıqlarına verilən düzgün cavabların faiz göstəricisi baxımından biz 2017–2018-ci illərlə müqayisədə əsaslı şəkildə irəli getmişik, yəni daha çox uşaq hazırda açıq suallara doğru cavab verir. Təhsil sistemindəki dəyişikliklər 1 ilə özünü göstərmir, buna zaman lazımdır. Biz 5-6 ildən sonra daha müsbət nəticələr görəcəyik". 

Qeyd edək ki, ölkədə ali məktəblərə qəbul imtahanı uzun illərdir ki, test üsulu ilə həyata keçirilir. Qəbul prosesində testin tətbiqi bir sıra neqativ halların aradan qaldırılmasında mühüm rol oynayıb. Ancaq tədricən açıq sualların tətbiqinə keçilməsi fikri ictimaiyyət tərəfindən də birmənalı qarşılanmır.  

Pedoqoji elmlər üzrə fəlsəfə doktoru, dosent İlham Əhmədov “Cebhe.info”-ya bildirib ki, dünya təhsil praktikasında test sistemi öz zəmanəsini çoxdan tamamlayıb: 

“Bir çox ölkələrdə təhsil sistemində testdən epizodik istifadə edilir. Testdən sistematik, kütləvi şəkildə istifadə artıq 20-ci əsrdə qalmışdır. 2009-cu ildə Barak Obama ABŞ prezidenti olanda 1 milyard dollar vəsait ayırdı ki, Amerika təhsil sistemindən test sistemi tamamilə çıxartsınlar. Bizim təhsildə 90-cı illərin əvvəllərində testin tətbiqi başadüşülən idi, çünki onda ali məktəblərə qəbul imtahanlarında kütləvi rüşvətxorluq vardı.

O vaxt bunun qarşısını az vaxtda başqa yolla almaq mümkün deyildi. Həmən illərdə, mən bu addımı müdafiə edirdim, testin tətbiqinin fəal təbliğatçılarından biri idim. Hələ 80-ci illərdə mənim riyaziyyat tədrisində testlərdən istifadəyə dair 2 kitabım dərc edilmişdi. Düzdür, o vaxt test terminindən istifadə edilmirdi, amma eyni mənalı “proqramlaşdırılmış təlim” terminindən istifadə edirdilər. 60-80-cı illərdə SSRİ-də proqramlaşdırılmış təlimə dair xeyli tədqiqatlar aparılmış, maraqlı əsərlər yazılmışdı.

Proqramlaşdırılmış təlimdə əsas məqsəd biliklərə nəzarət etmək deyildi. Burda əsas məqsəd şagirdlərin müstəqil təliminin təşkili idi, bilik yoxlanması isə bu prosesdə bir element idi. Proqramlaşdırılmış təlimi tənqid edənlər də vardı, deyirdilər ki, bu təlim kreativliyi inkiaf etdirmir, standart məsələlərin həllində uğurlu ola bilər.

Proqramlaşdırılmış təlimdə tədris materialları düzgün tərtib edildikdə, problemli təlim elementlərindən düzgün istifadə edildikdə,  şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirmək mümkün idi. 80-cı illərin əvvəllərində yazdığım və 1986-cı ildə müdafiə etdiyim dissertasiya işim bu məsələlərə həsr edilmişdi. Bu səbəblərdən 90-cı illərdə testlərin tətbiqi məsələsi gündəmə gələndə, mən həm psixoloji, həm də elmi-metodik cəhətdən testlərin təhsil sistemimizdə tətbiqinə tam hazır idim. 

1992-ci ildə ölkədə, az vaxt ərzində biz təhsil tariximizdə ilk dəfə olaraq elektron-test sınaq imtahanlarını təşkil etdik (ADPU-da).  Az vaxtda minlərlə məktəbli, abituriyent gəlib ADPU-da test nümunələri ilə tanış olur, öz bilik səviyyələrini bu sistemlə qiymətləndirə bilirdilər. Lakin bir neçə ildən sonra (3-5 il) biz bu problemi, yəni təhsildə testlərin kütləvi tətbiqi problemini  hansısa formada həll edə bilərdik. Bunun üçün ali təhsil müəssisələrində ciddi qayda-qanun yaratmaq, qəbul imtahanlarında obyektivliyi və qanunun aliliyini təmin etmək, rəhbər vəzifələrdəki təhsil məmurlarını və rektor  korpusunu doğru-düzgün təyin etməklə prosesləri optimal həll edə bilərdik.

Bu addımları ata bilsəydik, qəbul imtahanlarında test sistemini ləğv etmək mümkün olardı. Təbii ki, alternativ səmərəli model təklif etməklə. Təəssüf ki, bunlar olmadı. Əksinə, testlərin təhsilimizə gəlməsi və geniş tətbiqi repetitorluğa təkan verdi, sonralar  isə bu proses kütləviləşdi. Məktəbi iflic hala saldı.  Nəticədə test sistemi bizim təhsilimizi tamamilə dağıtdı”.

Dosentin sözlərinə görə, bu gün yuxarı sinif şagirdləri məktəbdən didərgin düşüblər:

“Beş yaşdan 25 yaşa qədər, sonra magistratura, dövlət qulluğuna qəbula, MİQ-ə (Müəllimlərin işə qəbulu) qədər təhsildə bütün sınaq və monitorinqlərin test üzərində köklənməsi savadsız, kreativ düşüncəsi, dünyagörüşü məhdud olan yeni bir nəsil formalaşdırdı. 

Zamanla TV-lər, internet, sosial şəbəkələr də bu prosesi sürətləndirdi. 30-40 il bundan əvvəlki və indiki gəncliyi müqayisə etdikdə, o vaxtki gənclik xeyli  savadlı görünür. İndi 11-ci sinfin əksər məzunları sovet məktəbinin 6-cı sinif şagirdlərindən zəifdirlər. Bu tək mənim qənaətim deyil.

Düzdür, bizdə bu məsələlərə dair ciddi tədqiqatkar heç vaxt aparılmayıb, amma Rusiya Federasiyasında (RF) aparılan tədqiqatlar göstərir ki, EQE (test sistemi ilə aparılan vahid dövlət buraxılış imtahanları) rus təhsilini bərbad hala salıb. 30 il ərzində orda təhsilin keyfiyyəti 6 dəfədən çox aşağı düşüb. 

Cüzi nailiyyətlər varsa da, o da valideynlərin  uşaqlarına  daha yaxşı repetitor tutması hesabınadır. RF təhsil sistemini təhlil edən çinli alimlər test imtahan sistemini (EQE) Rusiyanın inkişafı üçün əsas təhlükə adlandırıblar. 

Belə ki, Çin Xalq Respublikasında fəaliyyət göstərən Mao Tszedun adına Xalq Universitetinin professoru, Çin Xalq Respublikası Elmlər Akademiyasının müxbir üzvü Jin Syzhan Bauman adına Moskva Dövlət Texniki Universitetində keçirilən "Elm və təhsilin müasir problemləri" adlı konfransında çıxışı zamanı deyib ki, “vahid dövlət imtahanını RF-da texnologiyanın inkişafı üçün əsas təhlükədir. Bu RF-na qarşı Qərbin ən böyük təxribatıdır”.

Soyuq birləşmə reaktorunun yaradılmasına rəhbərlik edən bu alim son 30 ildə 43 ölkənin təhsil səviyyəsində olan dəyişikliklərlə bağlı məlumatları təhlil edib. Akademikin təqdim etdiyi hesabatdan görünür ki, orta məktəb imtahanlarını ənənəvi qaydada aparan ölkələrdə məzunların hazırlıq səviyyəsində hər il orta hesabla 3 % davamlı artım müşahidə olunur.

Bu ölkələrdə 30 ildə orada təhsilin keyfiyyəti demək olar ki, iki dəfə artıb. Eyni zamanda, vahid dövlət imtahanını (EQE) formatında tələbələrin biliyinin sınaq qiymətləndirilməsini tətbiq edən ölkələrdə məzunların səviyyəsində əvvəlcə az, sonralar isə sürətli çöküş baş verir.

Hesabata görə, Rusiyada son 10 ildə təhsilin keyfiyyətinin aşağı düşməsi 61 %-dən çox olub. Eyni dövrdə EQE tətbiq olunmayan Çin məktəblərində bu göstəricidə 39 % artım olmuşdur. Akademik qeyd edir:

“Bu, artıq fəlakət deyil, bu, təhsili və ölkəni məhvə aparan yoldur”.

Sovet vaxtı RF-da dünyanın ən yaxşı təhsil sistemi, eləcə də tələbə qəbulu imtahan sistemi vardı. İndi Qərb ölkələri Rusiyada biliyi məhv edən, qul və biorobotlar hazırlayan fəlakətli EQE sistemini tətbiq etməklə, RF-na qarşı ən böyük təxribatı həyata keçirdilər (ruslar bunu 30 il sonra dərk etdilər). Şübhəsiz ki, bu imtahan Rusiyada texnologiyanın inkişafı üçün əsas təhlükədir.  Çinli alim qeyd edir ki, “dünya bütünlükdə irəliləyərkən, sizin təhsiliniz və bunun nəticəsi olaraq tələbələriniz deqradasiya və əbədi geriliyə məhkumdurlar”. 

Akademikin dediklərinə əlavə olaraq demək istəyirəm ki, bu təxribat elə planlanıb ki, vahid dövlət imtahanı özü ilə paralel kütləvi repetitorluğa da rəvac verir. Bu halda təhsilin keyfiyyəti məhv edilməklə yanaşı dövlətin rəsmi təhsil sistemi də dağılır. Bu faciəli vəziyyət təkcə Rusiya təhsilində deyil, bəzi qonşu ölkələrdə də müşahidə edilir.

Qeyd edək ki, RF-da EQE imtahanları A.Fursov və D.Livanov təhsil naziri olduqları illərdə geniş tətbiq edilməyə başlandı, bu gün də davam edir. Maraqlısı budur ki, hər iki nazir əvvəllər bir neçə il ABŞ-da professor olaraq işləmişdilər. Bəzi rus siyasiləri hesab edir ki, təhsil  nazirləri  bu addımı ABŞ-ın təsiri ilə atıblar”.

Açıq suallarla bağlı nazirin fikirlərinə gəldikdə isə, ekspert deyir ki, bəli, açıq suallar hökmən olmalıdır:

“Ona görə ki, test heç bir kreativlin inkişafına, mürəkkəb tapşırıqların həllinin yoxlanılmasına imkan vermir, uşaqlarda düşünmə qabiliyyəti yaratmır. Beləliklə də, uşaq əzbərçiliyə meyil edir və bu yolla da imtahana hazırlaşıb suallara cavab verir.

Məktəbdə şagirdlərə açıq test suallarını cavablandırmaq yolları öyrədilməlidir. Əgər uşaqlar bu gün açıq suallara yaxşı cavablar  veribsə, burada məktəbin və ETN-nin elə bir xidməti olmayıb, bu valideyn və repetitorların xidmətidir.  

Əgər ETN təhsili inkişaf etdirmək istəyirsə, ilk növbədə ölkədə  repetitorluğun qarşısı alınmalıdır. Bunun yolları var və mən bunu dəfələrlə təklif eləmişəm. Ancaq nazir hər dəfə deyir ki, biz repetitorluğu ləğv etmək istəmirik, ya da başqa ölkələri nümunə gətirir.

Deyir ki, repetitorluq xarıci ölkələrdə də var. Bəli, başqa ölkələrdə də var, ancaq heç yerdə bu bizdəki kimi kütləvi deyil. Digər tərəfdən o ölkələrin dərslikləri, proqramları normaldır, müəllimləri mütəmadi olaraq keyfiyyətli təkmilləşdirmə kursları keçirlər, onların məktəblərində tədris prosesi dağılmayıb, kölgə təhsili rəsmi təhsili kölgədə saxlamır”. 

Nigar Abdullayeva
“Cebhe.info”