Paşinyan İrəvandakı “soyqırım” abidəsini sökdürür

Paşinyan İrəvandakı “soyqırım” abidəsini sökdürür

Ermənistanda qondarma soyqırım abidəsinin sökülməsi məsələsi gündəmə gəlib.

Son günlər Baş nazir Nikol Paşinyanın irəli sürdüyü “real Ermənistan” ideyasını tənqid edən erməni mediası bu prosesin “erməni soyqırımı”na ucaldılmış xatirə abidəsinin sökülməsi ilə nəticələnəcəyi barədə həyəcan təbili çalır. 

Erməni analitik Ruben Marqaryan hesab edir ki, “soyqırım” abidəsi Paşinyanın “real Ermənistan” siyasətinə ziddir:

“Belə çıxır ki, o, təkcə Ermənistanın Baş naziri deyil, komandası ilə birlikdə “ral Ermənistan”ın “tarixi Ermənistan”la konseptual döyüşünə rəhbərlik edir”. 

Marqaryanın sözlərinə görə, Nikol Paşinyan SSRİ Dövlət Təhlükəsilik Komitəsinin Ermənistanda milli ruhun yüksəlməsinə dəstək verdiyini düşünür:

“Məqsəd Ermənistanı konseptual olaraq mübarizə apardığı forposta çevirmək olub. Biz hesab edirik ki, Paşinyan “tarixi Ermənistan”a qarşı konseptual mübarizəsində DTK-nın maxinasiyalarının nəticələrini aradan qaldırmağın zəruriliyi qənaətinə gələcək və “soyqırım” abidəsini demontaj edəcək”. 

“Tovariş general” teleqram kanalı isə yazır ki, “Erməni Soyqırımı Qurbanları Günü” ərəfəsində ermənilərin tarixi yaddaşı mövzusunu skandallaşdırmaq və şübhə altına almaq üçün Ermənistan hakimiyyəti həm şaquli, həm də horizontal istiqamətdə hər şeyi edir:

“Bu, eyni tipli kinli çıxışların təsadüfi toplusu deyil. Bu, planlaşdırılmış və ehtiyatla həyata keçirilən aksiyadır. Əgər xatırlayırsınızsa, bu rəftarı Nikol Paşinyan qəfildən “real Ermənistan” naminə “tarixi Ermənistandan” imtina etməyin zəruriliyindən danışmağa başlayanda özü təyin edib. İndi paşinyançılar Qarabağ, Yerablur, Njde, Monte, ölkənin gerbi, Müstəqillik Bəyannaməsi, erməni torpaqlarının və maraqlarının türklərə təslim olması arasında seçimdən danışırlar.

Xüsusilə, “Vətəndaş müqaviləsi”nin parlament fraksiyasının katibi Artur Hovannisyan deyir: ““Mən heç vaxt özümü “tarixi Ermənistan”da hiss edə bilməyəcəyəm. Mən tarixi personaj deyiləm... Özümü real olmayan bir şeyin parçası kimi hiss edə bilmirəm. Özümüzü sakini olmadığımız hansısa ərazinin sakini kimi hiss etməyimiz mənə, qohumlarıma və hamımıza yazıq deyilmi? Ermənistan Respublikasının küçələrində gəzəndə, özünüzü Vanda, yoxsa İrəvanda, Armavirdə hiss edirsiniz? Siz özünüzü harada hiss edirsiniz?

Özünüzü necə hiss edirsiniz, nə deyirsiniz? Siz Ermənistan Respublikasında yaşayırsınız və sizdən xahiş edirəm, gəlin diqqətimizi bu ölkəyə yönəldək. 30 ildir ki, bizi yad, uzaq, görünməz olanı sevməyə məcbur edirsiniz... Nə üçün?” 

Qeyd edək ki, Paşinyan hakimiyyəti Ermənistanda konstitusiya islahatının aparılmasını təklif edir. Paşinyan konstitusiyanın dəyişdirilməsinin deyil, mətninin yenidən yazılmasının tərəfdarı olduğunu deyib. Türkiyə rəsmi İrəvandan konstitusiyada və digər hüquqi-normativ aktlarda əksini tapmış “erməni soyqırımı” ifadəsinin çıxarılmasını tələb edir. Əgər Türkiyənin şərti yerinə yetirilsə, o halda uydurma soyqırım memorial kompleksinə də ehtiyac qalmayacaq və həmin abidə söküləcək. 

Xatırladaq ki, Nikol Paşinyan Ermənistan tarixində ilk dəfə olaraq, “soyqırım” terminini işlətməkdən yayınıb. O, çıxışında “soyqırım” əvəzinə “böyük vəhşilik” deyib. 

Müşfiq Abdulla 
“Cebhe.info”