Putin Qarabağdan çıxan sülhməramlıları Qəzzaya göndərir

Putin Qarabağdan çıxan sülhməramlıları Qəzzaya göndərir

Rusiya Sülhməramlı Kontigenti bu dəfə Qəzzaya göndərilə bilər.

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Rusiyanı Qəzzada təhlükəsizliyin təminatçıları arasında görmək istəyir.

HƏMAS rəsmisi “A Haber” telekanılana müsahibəsində bildirib ki, Qəzzada hazırda davam edən müharibənin sona çatmasında və bölgədə təhlükəsizliyə bəzi ölkələrin zamin durmasında maraqlıdırlar:

“Bu məsələ ilə bağlı tələblərimiz qüvvədə qalır. Biz Misir, Qətər, Türkiyə, Rusiya, BMT-nin qarant olmasını istəyirik”. 

İsmayil Haniyə vurğulayıb ki, yaxın gələcəkdə ABŞ də Qəzzada təhlükəsizliyə zamin duran ölkə ola bilər. Amma İ.Haniyə İsrailin buna qarşı çıxdığını bildirib.

Xatırladaq ki, aprelin əvvəlində “Sabah” qəzeti mənbələrə istinadən  Ankaranın Fələstinin təhlükəsizliyinə təminatçı kimi çıxış etməyə, ən əsası da Qəzzada sülh və sabitliyin təmin olunmasına zamin durmağa hazır olduğunu bildirib. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq etmişdi ki, Qəzzada hazırda həlli olmayan münaqişə yeni münaqişələrin genişlənməsinə səbəb ola, yaxın zamanda bu məsələ həm Rusiyada, həm Türkiyədə ciddi müzakirə obyektinə çevrilə bilər. 

Nəzərə alaq ki, Rusiya hər zaman Yaxın Şərqə diqqət göstərib və bu regionda geniş təsir imkanlarına malik olan güc mərkəzinə çevrilməkdə maraqlıdır. Rusiyanın Suriyada hərbi bazalarının olması bunu sübut edir. Ehtimal etmək olar ki, İsmayil Haniyənin bu çıxışından sonra Qəzzanın təhlükəsizliyi ilə bağlı məsələ Kremldə ciddi müzakirə predmentinə çevriləcək. Əgər HƏMAS Rusiyanın Qəzzada təhlükəsizliyə zaman durması üçün Moskvaya müraciət edərsə, şübhəsiz ki, Rusiya rəhbərliyi bu məsələni BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq. Hətta belə iddia etmək olar ki, Moskva münasib imkan qazanarsa, hazırda Qarabağı tərk edən sülhməramlıları Qəzzaya göndərə bilər. 

Türkiyəyə gəlincə, heç bir şəkildə inkar oluna bilməz ki, Ankara Yaxın Şərqdə geosiyasi və geoiqtisadi güc mərkəzinə çevrilib. Bu baxımdan hesab etmək olar ki, belə bir vəziyyətin yaranacağı təqdirdə Türkiyə də Qəzzaya öz sülhməramlılarını göndərməkdə maraqlı olacaq. O ki qaldı Rusiya və Türkiyənin Qəzzada təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətinə, bu, Moskva və Ankaranın birgə qərarından asılıdır. Moskva və Ankara Qarabağda üç il fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi timsalında Qəzzada belə bir mərkəzin yaradılmasını nəzərdən keçirə bilər. 

Yunis Abdullayev 
“Cebhe.info”