Azərbaycan:Dünyaya tolerantlıq nümunəsi

Azərbaycan:Dünyaya tolerantlıq nümunəsi

İSTİQAMƏT: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Azərbaycan dünyada tolerantlıq baxımından nümunə göstəriləcək ölkədir. Bu sahədə Azərbaycan bütün dövrlərdə inkişaf edib və belə demək mümkündürsə, ən yüksək mərtəbəyə çatıb. Daxili sabitliyin də əsas səbəblərindən biri məhz tolerantlığın dövlət səviyyəsində prioritet olaraq qəbul edilməsidir.

Bəllidir ki, Azərbaycanda çoxsaylı millətlərin nümayəndələri yaşayır. Xatırlatma üçün qeyd edək ki, Azərbaycan əhalisinin 8.4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Bu gün ölkədə yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, Şahdağ xalqları, ləzgilər, rutullar, malakanlar, ingiloylar, qaraçılar, aşşurlar, udilər, almanlar, ruslar yaşayırlar. Onların dini, dili, mədəniyyəti dövlət tərəfindən ən yüksək səviyyədə qorunur.

Hansı milli azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan Respublikasının vətəndaşı kimi bərəbarhüquqludurlar.

Onu da demək lazımdır ki, bu günə qədər Azərbaycanda milli azlıqlar kontekstində heç bir qarşıdurma və ya narazılıq yaşanmayıb. Bu da Azərbaycanın tolerant ölkə olaraq dünyaya göstərdiyi nümunənin bir hissəsidir.

Təsadüfi deyil ki, dəfələrlə bu kontekstdə keçirilən beynəlxalq tədbirlərdə xarici məruzəçilər tərəfindən Azərbaycan dünyaya tolerantlıq nümunəsi olaraq təqdim edilib. 

Demokratiyanın beşiyi adlandırılan Qərbdə, Avropada islamafobiyanın hansı səviyyədə olduğunu hər kəs bilir. Müsəlmanlara qarşı aqressiv münasibət göstərən Qərb multikultural, tolerant, dözümlü münasibətdən tamamilə kənardır və bütün səviyyələrdə yalnız “xristian təəssübkeşi” olaraq çıxış edir.

Amma Azərbaycanda bir çox dinlərin nümayəndələri sülh, firəvanlıq içində yaşayırlar. 

Azərbaycan üçün hər zaman bu məsələ əsas prioritetlərdən olub. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan etməsi dövlətin bu məsələyə hansı dərəcədə önəm verdiyini göstərir. 

Eyni zamanda, bu gün paytaxt Bakının mərkəzində məscidlərlə yanaşı, sineqoqlar, kilsələr fəaliyyət göstərir. Bu faktın özü Azərbaycanın tolerantlıq nümunələrindən biridir. 

Azsaylı xalqların bütün hüquq və azadlıqları Azərbaycanda qanunvericiliklə də təmin olunur. Belə ki,  milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunub. Həmçinin ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb.

Əhalinin 95 faizini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət  bütün ənənəvi dinlərin nümayəndələrinin də milli, mənəvi hüquqlarına v inanclarına diqqət göstərir. Müstəqillik dövründən sonra SSRİ zamanında dini baxımdan azsaylı xalqlara qoyulan qadağalar da aradan qaldırılıb. Məsələn, 1920-ci ildə bağlanmış “Jen Mironosets” baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilib. 1999-2001-ci illərdə paytaxtda katolik Müqəddəs Məryəm kilsəsi tikilib. Rum patriarxı I Varfolomey 2003-cü ildə Azərbaycanda rəsmi səfərdə olarkən ölkəmizdə mövcud tolerant mühit ilə bağlı bu fikirləri bölüşmüşdü: “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”.

Hazırda Bakı və Azərbaycan Yeparxiyasının tabeçiliyində səkkiz ibadət yeri - 5 kilsə, 2 çasovnya, 1 dua evi fəaliyyət göstərir. Onlardan dördü Bakı şəhərində, digərləri isə Gəncə, Sumqayıt, Xaçmaz və Lənkəranda yerləşir.

Sonda onu da bildirək ki, hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər.  Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunur. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır.

Bütün bunlar Azərbaycanın tolerant mühitinin yüksək səviyyədə inkişaf etdiyinin göstəricisidir. 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebhe.info”