Qarabağı işğaldan azad edən gənclik: Dövlət siyasəti bəhrəsini verdi 

Qarabağı işğaldan azad edən gənclik: Dövlət siyasəti bəhrəsini verdi 

İSTİQAMƏT: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Vətənpərvərlik sonradan yaranan bir hiss olmasa da, mühitdən asılı olaraq inkişaf etdirilməsi zəruri olan amildir.

Milli adət-ənənələrin qorunması, özünüdərk, milli kimliyin tanınması, o cümlədən vətəni qorumaq instikti Azərbaycanda heç bir zaman problemli məsələ olmayıb. 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan gəncinin necə vətənpərvər ruhda böyüdüyünü bütün dünya gördü. Azərbaycan əhalisinin böyük hissəsini gənclər təşkil edir.

Rəsmi rəqəmlərə görə, əhalinin 25 faizindən çoxu 14-29 yaş arasında olanlardır. Əhalinin 50 faizinin yaşı isə 29 yaşdan aşağıdır. Gənclik ölkənin gələcəyidir. Azərbaycanın da gələcəyi, suverenliyi, bütövlüyü, müstəqilliyi məhz bu kateqoriya insanlardan asılıdır. Amma onların necə yetişdirilməsi ən vacib amillərin başında gəlir. Onların milli mənlik şüurunun hansı formada inkişaf etdirilməsindən, vətənpərvərlik hisslərinin necə tərbiyə edilməsi ölkənin gələcəyini müəyyən edəcək. Dövlət bu istiqamətdə üzərinə düşəni lazımınca edir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qarabağ müharibəsindən sonra çıxışlarının birində bu məsələnin nə dərəcədə önəmli olduğunu vurğulayır.

“Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bu gün də dövlət gənclər siyasətini davam etdirir. Buna qədər isə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı icra edilib. Bu isə onu deməyə əsas verir ki, gənclərin hərtərəfli inkişafına şərait yaradılması, eyni zamanda, onların vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, ümumbəşəri və milli dəyərlərə hörmət prinsipləri, vətənpərvərlik ruhunda tərbiyəsi daim dövlətin diqqət mərkəzində olub.


"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda gənclərin vətənpərvər ruhda böyüməsi üçün dövlət tərəfindən ardıcıl siyasət yürüdülür:

“Dövlətin apardığı gənclər siyasəti buna əyani sübutdur. Ölkədə Gənclər Günü təsis olunub, bu da gənclərin dövlət maraqlarının ifadəsinə, təmin olunmasına cəlb olunması baxımından mühim addımdır. Eyni zamanda, dövlət siyasətinin daha bir prioritet istiqaməti isə könüllülər təşkilatlarının yaradılmasıdır. Bu təşkilatlar öz ətraflarına yüzlərlə, minlərlə gəncləri toplaya biliblər. Onlar zərərli vərdişlərdən uzaq dururlar, vətənpərvər ruhda yetişməsi, milli maraqlardan çıxış etməsi baxımından bu təşkilatlar önəmli rol oynayır. Uzun müddətdir ki, bu istiqamətdə dövlət qurumlarının dəstəyi ilə müxtəlif layihələr də həyata keçirilir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu bu istiqamətdə layihələrin həyata keçirilməsinə dəstək göstərir”.

QHT sədri əlavə edib ki, vətənpərvərliyin təbliğində, gənclərin bu ruhda yetişməsində yaşlı nəsillərlə gənclərin birgə fəaliyyəti mühim əhəmiyyət kəsb edir:

“Çünki onların eyni platformalarda, diskusiya mərkəzlərində birgə fəaliyyəti daha uğurlu nəticələr verir. Bizim gənclərin vətənpərvər ruhda yetişdiyini sübut edən ən mühim amillərdən birini Azərbaycan gəncləri, əsgərləri, zabitləri və könüllüləri ikinci Qarabağ müharibəsində göstərdi. Bilirik ki, bu qələbə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun, gəncinin, əsgərinin, zabitinin səyi nəticəsində ərsəyə gəlib. Əgər bu gənclər vətənpərvər olmasaydı, yüzlərlə, minlərlə insan ilk andan müharibəyə könüllü olaraq qoşulmazdı. İkinci Qarabağ müharibəsində müxtəlif regionlardan yüzlərlə gənc döyüşlərə qoşuldu, bu da uzun illər dövlət tərəfindən aparılan gənclər siyasətinin nəticəsidir”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
Cebhe.info