Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır?

Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır?

Müəllimlərin sertifikasiya imtahanı daim diqqət mərkəzində olur. 

Bu il keçiriləcək növbəti sertifikasiya imtahanına biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaqlar. 2022-2024-cü illər ərzində 70 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub. Son günlər sertifikasiya imtahanının keçirilmə tarixi ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənir. 

Qeyd edək ki, hər il aprelin sonunda həmin il keçiriləcək sertifikasiya imtahanlarının tarixləri açıqlanırdı. Ancaq bu il proses gecikir. Eyni zamanda, cari ildə keçiriləcək sertifikasiya imtahanı ilə bağlı digər iddia da öz əksini tapıb. Belə ki, bu iddialara görə, builki sertifikasiya imtahanları daha da çətinləşdiriləcək və bu da müəllimlərin 30 baldan aşağı bal toplamasına zəmin yaradacaq.

Sertifikasiya imtahanları ilə bağlı sosial şəbəkələrdə öz əksini tapan iddialar nə dərəcədə doğrudur? Məsələ ilə bağlı təhsil üzrə Elşən Qafarov “Cebheinfo.az”-a bildirib ki, sertifikasiya qaydalarına görə, sertifikasiya imtahanları keçirilmədən bir ay öncə qeydiyyata düşəcək müəllimlərin şəxsi kabinetinə məlumat göndəriləcək: 

“Sertifikasiyaya hazırlıq yanvar ayından başlayıb. Artıq sertifikasiya imtahanlarının keçiriləcəyi fənnlər məlumdur, müəllimlərin sayı hazırlanır. Sertifikasiyadan bir ay öncə müəllimlərin şəxsi kabinetinə məlumatla yanaşı, telefonlarına SMS və məktəblərinə də məlumat veriləcək. Sertifikasiya gecikmir və hər il olduğu kimi, tədris ili başa çatdıqdan sonra olacaq”. 

O ki qaldı 30 sualdan aşağı bal toplayanlarla bağlı iddiaya, ekspertin fikrincə, bu, həqiqəti əks etdirmir:

“İndiyədək sertifikasiyada iştirak edənlərin hər üç nəfərdən biri 51+ bal toplayıb. Ümumilikdə isə ölkə üzrə 70 minə yaxın şəxs sertifikasiyada iştirak edib və 5 minə yaxın şəxs keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilib. Yəni, bu istiqamətdə deyilənlər həqiqəti əks etdirmir. 

Sertifikasiya iyun ayının sonunda gözlənilir və bu ayın sonuna qədər yəqin ki, iştirak edəcək müəllimlərin şəxsi kabinetlərinə, telefonarına SMS-lər və məlumatlar gedəcək. Sertifikadiya qaydalarına görə, sertifikasiya keçirilmədən 1 ay öncə məlumat verilir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”