Ailə psixoloqları nəyi dəyişəcək? - “Əgər peşəkar psixoloqlar...”

Ailə psixoloqları nəyi dəyişəcək? - “Əgər peşəkar psixoloqlar...”

Azərbaycanda ailə psixoloqları institutu yaradıla bilər.

Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda ailə məhkəmələrinin və ailə psixoloqu institutunun yaradılmasını təklif edir.

Bu barədə qurumun sədr müavini Aynur Sofiyeva açıqlama verib.

Onun sözlərinə görə, ailə psixoloqu institutunun yaradılması ilə yanaşı ailə məhkəmələrinin təsis olunması da çox vacibdir:

“Ailə məhkəmələrinin təcrübəsini öyrənəndə məlum olur ki, orada psixoloqlar, sosial işçilər, hüquqşünaslar birlikdə ailələrə dəstək göstərirlər, ailə çəkişmələrinin təsirlərini azaldırlar, eyni zamanda ailələrin bərpasına böyük dəstək olurlar”.

Bəs ailə psixoloqları nə etməlidirlər? Onlar ailələri qorumaqla nəyi dəyişə bilərlər?

Mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, Azərbaycanda ailə məhkəmələri və ailə psixoloqların fəalliyət göstərməsi yaxşı olardı:

“Peşəkar psixoloqlar bu işə cəlb olunsa, cəmiyyət üçün də yaxşı olar. Sağlam ailəni qoruyub saxlamaq lazımdır. Hər şeyə bir prizmadan baxmaq olmaz. Əgər ailə sağlam deyil, sağlam sütunlar üzərində durmursa və ya ailə üzvlərindən kimsə nə vaxtsa travma alıbsa, onlar psixoterapiyadan keçməlidirlər. Ondan sonra isə ailələrini yenidən gözdən keçirə bilərlər. Ümumiyyətlə, ailə üzvləri psixoterapiyalarda müalicə almalı və ailələrinin dəyərini bilməlidirlər”.

O, cəmiyyətdə psixoloqların boşanmaları artırdığı barədə fikirlər səsləndirilməsinə də etiraz edib:

“Psixoloqlar boşanmaya meyilliyə gətirib çıxarmır. Sadəcə olaraq, insanlarda tramvalar, fobiyalar və ya qorxular var. Bəzi insanlar ümumi deyilmiş sözlər əsasında fikir yürüdürlər. Bu, düzgün deyil. Psixoloq heç vaxt “boşanın” demir. Üstəlik, psixoloq dediyi üçün boşanmaq da düzgün deyil.

Əsl psixoloq insanın özünə dəyər verməsindən və inanmasından danışır. Əgər kimsə piar qazanmaq üçün başqa nə isə deyirsə, bu, onun peşəsindən sui-istifadə etməyidir. Amma peşəkar və mənəvi dəyərlərə önəm verən psixoloq müqəddəs olan hər bir şeyin saxlanılmasına çalışır”.

Fərqanə Mehmanqızı onu da qeyd edib ki, cütlüklərin münasibəti yaxşı deyil və onları bir-birinə bağlayan nə isə yoxdursa, boşanmalıdırlar:

“Çünki özləri ilə problemi olan adamların ailəsində mehriban olmasını gözləmək olmaz.

Bu, mümkün deyil. Əgər bir insan tramvalıdırsa, ona hansısa ailə dəyəri sözü təsir etməyəcək.

Ona görə də ailəsini qorumaq istəyən hər bir şəxs psixoterapiyadan keçməlidir. Amma insanlar bir-birlərini istəmir və hətta nifrət edirlərsə, orada hansısa ailədən danışmaq olmaz. Üstəlik, heç bir psixoloq da onları xilas edə bilməz”.

Elmir Mustafa
“Cebhe.info”