Azərbaycanda ilginc durum: 16 yaşlı qızın nikahsız yaşamasına icazə var

Azərbaycanda ilginc durum: 16 yaşlı qızın nikahsız yaşamasına icazə var

Dünən Tovuzun Vahidli kənd sakini 1998-ci il təvəllüdlü Mustafayev Mətin Sabir oğlu kənd məktəbində 10-cu sinifdə oxuyan 31.03.2008-ci ildə doğulan Ə.G-nı qaçırıb.

Məlumata görə, ailə qızı oxutmaq istəyirmiş. Olay da o, kursdan qayıdanda baş verib. İki gündür ailə 16 yaşlı qızı Mətinin ailəsindən ala bilmir. Dərhal 102-yə zəng edilib və hadisə barədə məktəbə bildirilib.

Polis deyib ki, “qızın16 yaşı var, özü qərar verə bilər”. Psixoloq da qızla görüşüb - Ə.G. deyir “özüm gəlmişəm”.

Qızın ailəsi deyir ki, ifadə psixoloji basqı altında verilib, onu qorxudublar:

“Vahidli kənd sakini 1998-ci il təvəllüdlü Mustafayev Mətin Sabir oğlu oxumayıb, işləmir. Araşdırdım, yetənə yetib, yetməyənə daş atan biridir. 2008-ci ildə doğulan qızı qaçırmaq ancaq beləsinin ağlına gələr. Daxili İşlər, Elm və Təhsil nazirliklərindəki dostlar sağ olsunlar, dərhal reaksiya verildi. Amma qanunlarımız “aşsüzən”dir. Qız basqı altında olsa belə, “özüm gəlmişəm” deyəndə durum faktiki adam oğurlayan, bir gənc qızın gələcəyini məhv edən şərəfsizin xeyrinə dəyişir. Söz tapmıram…”

Qeyd edək ki, ölkədə rəsmi nikah yaşı 18 qəbul edilib. Əgər həmin qızın hələ 16 yaşı varsa, evliliklə bağlı özünün qərar vermək hüququ varmı və nikah yaşına qədər bu nikahdankənar evlilik sayılacaqmı?

Hüquqşünas Əsabəli Mustafayev “Cebhe.info”-ya bildirib ki, əgər 16 yaşına qədər, həddi-buluğa çatmayan qızın razılığı ilə seksul əlaqədə olubsa, onda oğlana qarşı cinayət işi qaldırılır: 

“Ancaq artıq 16 yaşı olubsa, bu məsuliyyəti olmur. Əgər zor tətbiqi ilə qızı qaçırıblarsa, burada artıq məsuliyyət var. İstintaq nəticəsində adam oğurluqu kimi qiymətləndirilə bilər. Qızın razılığı yoxdursa, istər 17, istər 77 yaşı olsun, onu qaçırıblarsa, bu adam oğurluğudur. 

Həddi-buluğa çatmamışdırsa, bu daha da ağırlaşdırır. Qızın razılığı varsa, oğlanı məsuliyyətə cəlb etmək olmayacaq. Cinayət Məcəlləsində adam oğurluğu ilə bağlı xüsusi maddə var və çox ağır cinayətlərdən biridir.

Qız 16-18 yaşı da olsa, həddi-buluğa çatmamış sayılır. Bu kimi hallarda adam oğurlu ilə bağlı  10 ilə qədər cəza var. Evlənmək məqsədi ilə qaçırsa belə, qızın razılığı yoxdursa, ağır cinayət sayılır. Bu qız hazırda nikah yaşına çatmayıb. Qızın 16 yaşı olmasaydı, hətta qızın razılığı ilə qoşulub qaçmış olsaydılar, burada 16 yaşına çatmamışla seksual əlaqədə olmaqda cinayət işi qalır. 

Məsələn, evləniblər, qızın 16 yaşı yoxdur, hətta artıq hamilədir, valideynlərin, digər orqanların şikayəti əsasında oğlana qarşı cinayət işi qaldırılır. Ancaq 16 yaşı olubsa, heç bir hüquqi məsuliyyəti olmayacaq”.

Hüquqşünasın sözlərinə görə, 17 yaşında onlar nikahla bağlı icra hakimiyyətinə müraciət edə bilərlər:

“Qanunda nikah yaşının 1 yaş azaldılması var. Artıq 16 yaşı olubsa, hüquq qabiliyyətli sayılır, ancaq 16 yaşına qədər hüquq qabiliyyəti məhduddur. Ancaq 16 yaşdan yuxarıdırsa, tam da olmasa hüquq fəaliyyəti var. 

Qanun da belə yanaşır ki, əgər 16 yaşı olubsa və öz xoşu ilə evlənibsə məsuliyyət yaratmayacaq. Ümumiyyətlə, qızın 16 yaşı yoxdursa, oğlana cinayət işi qaldırırlar. 

Ancaq təcrübədə görürük ki, qanunda olmasına baxmayaraq, real azadlıqdan məhrumetmə cəzası verilmir. Adətən şərti cəza verilir.

Çünki məhkəmə də başa düşür ki, bu artıq ailədir. Oğlanı həbs etməklə qız təzədən bəxbəxt olur. Mürəkkəb psixoloji məsələdir”.

Nigar Abdullayeva
“Cebhe.info”