Partiya sədrindən sərt sözlər: "Cavabdehlər məsuliyyət daşıyır"

Partiya sədrindən sərt sözlər: "Cavabdehlər məsuliyyət daşıyır"

"Yağan leysan nəticəsində paytaxt Bakı başda olmaqla, ölkəmizdəki bərbad vəziyyət göz önündədir". 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, əgər Bakıda və digər bölgələrdə müvafiq qurumlar öz öhdəliklərini lazımınca yerinə yetirsələr, vəzifələrinə məsuliyyətlə yanaşsalar, ölkədə heç bir problem olmaz:

"Amma bəzi qurumlar işlərini düzgün qurmurlar, əksinə, “yola verirlər”. Çünki üzləri onsuz da danlanmağa öyrəşib. Bir çox məsələlərə "oldu-keçdi" düşüncəsi ilə yanaşırlar. Ölkəmizdə bir çox qurumun rəhbəri özünə əziyyət vermək istəmir".

Partiya sədri qeyd edib ki, leysan nəticəsində bölgələrdəki vətəndaşlar daha çətin vəziyyətlə üzləşiblər: 

"Bakı göz önündədir, amma rayonlardakı vəziyyət də olduqca pisdir. Bütün yollarda gölməçələr yaranır, işıqlar kəsilir. Rayonlarımız və kəndlərimiz, ümumiyyətlə, leysana hazır deyil".

Akif Nağı İcra Hakimiyyətini də sərt tənqid edib: 

"Paytaxtda yollar sel-su içərisindədir. Sanki qayıqla, gəmi ilə gəzmək lazımdır. Bu vəziyyətin yaranmasına cavabdeh olan qurumlar var. İlk növbədə İcra Hakimiyyəti məsuliyyət daşıyır. Düzdür, bu, təbii fəlakətdir, amma buna qarşı da hazırlıqlı olmaq mümkündür".

Partiya sədri diqqətə çatdırıb ki, 1 həftədir leysan olacağı barədə xəbərdarlıq olunur: 

"Artıq 1 həftədir ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən leysan olacağı barədə xəbərdarlıq olunurdu. Amma bəzi qurumlarımız hazırlıq görmək əvəzinə, insanların çölə çıxmayacağını gözləyirlər. Əslində, hava şəraitinin necə olmasından asılı olmayaraq, bütün idarələr və iş yerləri normal şəkildə işləməlidir. Lakin leysana görə yaranmış bərbad vəziyyət buna imkan vermir".

Həmsöhbətimiz vurğulayıb ki, yağış və ya qar yağan kimi eyni vəziyyət yaşanır: 

"Görünür aidiyyəti qurumların rəhbərləri öz karyeralarını vətəndaşların əziyyəti üzərində qururlar. İsti kreslolarda oturaraq insanların birtəhər dözəcəyini düşünürlər. Buna görə də onların kreslolarını soyutmaq lazımdır. Hesab edirəm ki, leysana görə yaranan vəziyyətə cavabdeh olan qurumların rəhbərlərinə qarşı ən ağır cəzalar verilməlidir ki, başqalarına da dərs olsun". 

Elmir Mustafa 
"Cebheinfo.az"