“Qərb İrana qarşı Güney Azərbaycandan...” - Sədrlə MÜSAHİBƏ

“Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı Beynəlxalq Diplomatik Münasibətlər, Akademik Araşdırmalar və Təhsil Dərnəyinin (UDİAD) sədri Tuba Çebidir.
Onunla ABŞ ilə İran arasında aparılan danışıqlar, Güney Azərbaycan məsələsi, Bakı ilə İrəvan arasında imzalanması gözlənilən sülh müqaviləsi və Rusiya-Ukrayna müharibəsinin gedişatı barədə danışdıq. Eləcə də Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın son addımı, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) haqqında xəbərləri də müzakirə etdik:
- Tuba xanım, ABŞ ilə İran arasında aparılan danışıqların necə yekunlaşacağını proqnozlaşdırırsınız?
- Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra Vaşinqton ilə Tehran arasında gərginlik daha da artıb. Nəzərə almaq lazımdır ki, ABŞ ordusu Hind-Sakit Okean bölgəsindəki hava hücumundan müdafiə sisteminə aid “Patriot” batalyonunu Yaxın Şərqə köçürüb. Bu da ABŞ-nin İrana hərbi müdaxilə edəcəyi ilə bağlı şayiələrə səbəb olub.
Hətta nüvə proqramı ilə bağlı vəziyyəti tənzimləmək üçün Omanın vasitəçiliyi ilə iki ölkə arasında aparılan danışıqlar onların müharibədən əvvəlki son dialoq olub-olmadığı ilə bağlı suallar doğurub. Hər halda, İran və ABŞ arasında keçirilən danışıqların birinci raundu başa çatıb. İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun başçılıq etdiyi nümayəndə heyətləri arasında dolayı danışıqların qarşılıqlı hörmətə əsaslanan konstruktiv atmosferdə keçdiyi açıqlanıb. Ağ Evdən verilən açıqlamalar da danışıqların müsbət keçdiyini və tərəflərin danışıqlardan razı qaldığı deyilir.
Danışıqların İran bazarında müsbət qarşılanması və İran xalqının bundan razı qalması da iki ölkə arasında artan gərginliyi azaldacağı üçün vacibdir. Üstəlik, İranın hərbi və mülki bürokratiyasının bir çox üzvü də ABŞ ilə gərginliyin onların ölkəsinə zərər verəcəyinə inanırlar. Onlar hesab edirlər ki, ABŞ ilə danışıqlar və münasibətlərin yumşaldılması İranı bir qədər rahatlaşdıracaq. Tərəflər arasındakı nüvə müzakirələrinin İtaliyanın paytaxtı Romada davam etdiriləcəyinin elan olunması da əhəmiyyətlidir.
İlk görüşdən sonra hər iki tərəfin verdiyi bəyanatlara, ictimai reaksiyalara və danışıqların davam etdiriləcəyinə baxanda düşünürəm ki, ABŞ ilə İran arasındakı danışıqlar gərginliyin azaldılması və münasibətlərin yumşalması dövrünə başlamaqla qarşılıqlı dialoqun qurulması baxımından müsbət nəticələr verəcək.
- Əslində, İran-ABŞ münasibətləri hər zaman gərgin olub. Lakin əsla Güney Azərbaycan məsələsi masada yer almayıb. Sizcə, nə üçün ABŞ və ya Avropanın İranla danışıqlarında Güney Azərbaycan məsələsi gündəmə gəlmir?
- ABŞ və İran arasındakı münasibətlər uzun illərdir ki, qeyri-sabitdir. Lakin son hadisələr iki ölkə arasında gərginliyi daha da artırıb. Vaşinqtonla Tehran arasındakı bu böhran təkcə iki ölkəyə deyil, bütün Yaxın Şərqə və qlobal tarazılığa təsir etmək potensialına malikdir. Yəni ABŞ və İran arasında gərginlik müharibə-danışıqlar-barışıq üçbucağında artmaqda davam edir.
Əslində, Güney Azərbaycan məsələsi Qərbə sadəcə İrana təzyiq göstərmək üçün lazımdır. Lakin Güney Azərbaycanın İran nəzarətindən çıxması nəinki ABŞ-nin, hətta Avropa İttifaqının da görmək istəmədiyi bir ssenaridir. Çünki Cənubi Qafqazda böyüyən Azərbaycanla yanaşı, 40 milyona yaxın Güney Azərbaycan xalqının İranın nəzarətindən çıxaraq müstəqil olması Türkiyə və Azərbaycanın regionda əl-qolunu daha da gücləndirəcək bir addım olar.
Qərb dövlətləri isə həm bu prosesin baş verməsini istəmədikləri, həm də Ermənistanı intensiv şəkildə dəstəklədikləri üçün Güney Azərbaycanın adını çəkməkdən çəkinirlər. Bu baxımdan, İranla aparılan danışıqlar zamanı Güney Azərbaycan məsələsi masada yer almır.
- ABŞ-dən söz düşmüşkən, Vaşinqtonun Rusiya-Ukrayna müharibəsini dayandırmaq həmlələrindən də danışaq. Uzun zamandır müharibənin dayandırılması ilə bağlı danışıqlar aparılmasına rəğmən, hələ də açıq savaş davam edir və tərəflər bir-birlərinə raket zərbələri endirirlər. Necə düşünürsünüz, proses necə irəliləyəcək?
- Rusiya-Ukrayna müharibəsinin dayandırılması zaman-zaman gündəmə gəlsə də, tərəflərin qarşılıqlı tələbləri və hərbi dinamika səbəbindən nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb. Ancaq Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra sözügedən müharibəni qısa zamanda bitirə biləcəyi ilə bağlı açıqlamaları bu dəfə daha möhkəm addımlarla danışıqlar prosesinin qurulması ehtimalını artıran gözləntilər yaradıb.
Əslində, Trampın Ukraynaya yardımı tədricən azaltması və Rusiya ilə birbaşa danışıqları səbirsizliklə gözlədiyinə dair mesajları müharibəni bitirmək üçün fürsət pəncərəsi açıb. Həqiqətən də Trampın prosesi birbaşa idarə etməsi və həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə danışıqları tərəflərin sülh axtarışları ilə bağlı mövqelərini ortaya qoyub.
Moskva sülh danışıqları strategiyasını müəyyən edərkən təkcə hərbi qazancları deyil, həm də dünyada baş verən siyasi prosesləri nəzərə alır. Rusiyanın danışıqlar prosesi ilə bağlı ən mühüm gözləntilərindən biri ABŞ-nin Ukraynaya dəstəyində hər hansı zəifləmənin olub-olmayacağıdır. Çünki Vaşinqtonun Ukraynaya hərbi və maliyyə yardımı Kiyevin döyüş qabiliyyətini qoruyub saxlaması üçün çox vacibdir.
ABŞ, Rusiya və Ukrayna arasında aparılan danışıqlara paralel olaraq Avropa da Kiyevə dəstək üçün yol xəritəsini tərtib etməyə çalışır. Tramp martın 30-da verdiyi müsahibədə Putinin atəşkəslə razılaşmadığı təqdirdə Rusiya neftini alan ölkələrə 50 faiz gömrük rüsumu tətbiq edəcəyi ilə hədələyib. Bu bəyanatlar Trampın Putinə qarşı əvvəlki ifadələrinin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir. Bir tərəfdən müharibəni bitirmək üçün danışıqlar davam edir, digər tərəfdən isə müharibə diplomatiyasının davamı yekun sülhdən söhbət getməsə belə, atəşkəsin imzalanmasına mane olur.
- O zaman Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinə keçid edək. Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandasının bir çox üzvü sülh müqaviləsi ilə bağlı dəfələrlə müxtəlif tarixlər səsləndiriblər. Lakin açıqlanan tarixlərin heç birində hansısa sənəd imzalanmayıb. Ümumiyyətlə, Paşinyanın hakimiyyətdə olduğu dönəmdə Azərbaycanla sülh müqaviləsi imzalana bilər?
- Azərbaycan və Ermənistan bu yaxınlarda sülh müqaviləsi mətni ilə bağlı razılığa gəlib. Hətta sülh müqaviləsinin mətni üzrə danışıqlar prosesinin başa çatdığı da elan olunub. Rəsmi İrəvan yenə də sülh müqaviləsi imzalamağa, tarix və yeri müəyyənləşdirmək üçün danışıqlara başlamağa hazır olduqlarını açıqlayıb.
Lakin sülh danışıqları yekun nəticəyə çatmış kimi görünsə də, Azərbaycanın müəyyən gözləntiləri var. Rəsmi Bakı haqlı olaraq müqavilənin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsini tələb edir. Çünki Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Azərbaycan həmin bəndlərin konstitusiyadan çıxarılmasını tələb edir. Paşinyan administrasiyası başa düşməlidir ki, Ermənistanın Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması İrəvanın Bakı və Ankara başda olmaqla, bölgə ölkələri ilə əməkdaşlıq yolunu açacaq.
Digər diqqətçəkən məsələ isə Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması tələbidir. Hansı ki, sözügedən qrup Birinci Qarabağ müharibəsindən 2020-ci ildə Azərbaycanın Zəfərinə qədər regionda baş verən proseslər fonunda passivlik nümayiş etdirib və münaqişənin həlli istiqamətində heç bir addım atmayıb. Hazırda münaqişə həll olunduğuna görə ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu səbəbdən də onun buraxılması labüddür.
Məncə, Paşinyan dönəmində bu addımların atılma ehtimalı var. Bunlar olacağı təqdirdə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. O zaman da Cənubi Qafqaz regionunda daimi sülh və sabitliyə nail olmaq üçün fürsət yaranar.
- Son günlərdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın Şimali Kipr Türk Cümhuriyyəti əleyhinə addımlar atdı. Türkiyənin bu məsələ ilə bağlı cavabı necə olacaq?
- Bəli, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasını pisləyən, dövlətləri onu tanımamağa çağıran, eləcə də Türkiyənin adadakı mövcudluğunu “işğal” olaraq tanıyan 541 və 550 saylı qətnamələrə qoşuldular. Bunun Kipr məsələsində son zamanlarda Türkiyə və ŞKTC tərəfindən gücləndirilən “iki dövlətli həll” ideyasını zədələdiyi açıqdır.
Türkiyə və Kiprin türk tərəfi 2017-ci ildə Krans Montana sülh danışıqlarında Kiprin yunan tərəfinin göstərdiyi mənfi yanaşma səbəbiylə bir daha BMT parametrləri çərçivəsində prosesə qatılmayacaqlarını açıqlamışdı. Türkiyə adada iki ayrı xalqın yaşadığı gerçəyinin və məsələdə “iki dövlətli həll” anlayışının qəbul edilməsinin lazım olduğunu vurğulayır. Bu səbəbdən də rəsmi Ankara 2021-ci ildən bəri bütün təzyiqlərə baxmayaraq, yeni bir sülh prosesini təsdiqləmir.
Bu prosesdə Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasına və tanınmasına çalışan Türkiyə Kipr türklərinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olmasını təmin etdi. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar 2024-cü ildə Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına fəxri qonaq kimi dəvət edildi, ancaq bu addım Avropa İttifaqı və Cənubi Kiprin yunan tərəfi tərəfindən böyük təpki çəkdi. Hərçənd ki, beynəlxalq münasibətlərdə dövlətlər öz maraqları çərçivəsində hərəkət edir və xarici siyasətlərində də müstəqildirlər.
Hesab edirəm ki, böyük dövlətlər arasında toqquşma zonası olan Mərkəzi Asiyanın potensialı və maraqları Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən qiymətləndirilməlidir. Türkiyənin xarici siyasətində Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini beynəlxalq arenada müdafiə etmək və tanıtmaq vazkeçilməz “qırmızı xətt”dir.
Bununla bağlı lobbiçilik fəaliyyətlərini artırmaq və beynəlxalq arenada ŞKTC siyasəti formalaşdırmağa çalışılmalıdır. Bu istiqamətdə atılacaq addımlar və həyata keçiriləcək siyasət Türk Dövlətləri Təşkilatı çərçivəsində həm Türkiyənin, həm də ŞKTC-nin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Türkiyənin illərdir Şimali nmüstəqilliyini müdafiə etməsi və onun Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması Kipr türklərinin haqlı mübarizəsinin beynəlxalq aləmdə tanınması baxımından mühüm hadisələrdir.
- Həmçinin Azərbaycan da Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyini davam etdirir. Əslində, Prezident İlham Əliyevin 11 apreldə Antalyada Ersin Tatarla görüşməsi də ciddi mesaj idi...
- Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl ölkəsinin ŞKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olmasında fəal rol oynadığını deməsi və Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə toplantısına Prezident Ersin Tatarı dəvət etdiyini xatırlatması da çox əhəmiyyətlidir.
Azərbaycan liderinin Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınması üçün hər zaman Şimali kiprli qardaşlarının yanında olacaqlarını deməsi də xüsusi vurğulanmalıdır. Eyni zamanda, İlham Əliyevin Antalya Diplomatiya Forumunda Ersin Tatarla görüşərək Türk Dövlətləri Təşkilatına böyük önəm verdiyini, qardaş dövlətlərin Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrini daha da artırmalı olduğunu bildirməsi də olduqca mühüm mesaj idi.
Bunlar Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı Türkiyə ilə eyni siyasətdə hərəkət etdiyini göstərən önəmli addımlardır. Həmçinin, Azərbaycanın son aylarda D-8 Təşkilatına üzv olması da bu baxımdan dəyərlidir. Çünki D-8 ölkələrinin ŞKTC-nin müstəqilliyinin tanınması üçün Kipr türklərinin ədalətli mübarizəsini hər platformada müdafiəsi böyük əhəmiyyət kəsb edir.
Elmir Mustafa
"Cebheinfo.az"