Daha iki şəhidimiz dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşən və kimlikləri 32 il sonra dəqiqləşdirilən daha iki şəhidimiz dəfn edilib.
"Cebheinfo.az" xəbər verir ki, 32 ildən sonra kimliyi dəqiqləşdirilən Ələsgər Mirzəliyevin nəşinin qalıqları doğma yurdu Cəbrayılda Lələtəpə qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin tabutuna bükülən üçrəngli bayraq qardaşına təqdim olunub.
Qeyd edək ki, Mirzəliyev Ələsgər Fərzalı oğlu 1969-cu ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qoşulub. 1993-cü il oktyabr ayında Cocuq Mərcanlı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Ələsgər Mirzəliyev naməlum şəhid olaraq İmişli rayonunun Şəmmədli kənd məzarlığında dəfn edilən şəhidlərimizdən biri olub. Onun şəxsiyyəti dəqiqləşdirilərək aidiyyəti üzrə təhvil verilib.
Digər şəhidimiz Münasib Mehdiyevin nəşi isə Samux rayonunun Qovlarsan kəndində dəfn edilib.
Münasib Mehdiyev 1973-cü il avqustun 28-də Samux rayonunun Qovlarsan kəndində anadan olub. O, 1992-cü il iyulun 19-da Ağdərə rayonunun Həsənriz kəndi istiqamətində itkin düşüb.
"Cebheinfo.az"