Paşinyanın “ikili sənəd” təklifi: Ya müharibə, ya sülh

Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlaması diqqət çəkib.
O bildirib ki, Azərbaycanla eyni vaxtda həm sülh sazişi, həm də ATƏT-in Minsk Qrupunun strukturlarının ləğvi ilə bağlı birgə bəyanat imzalanmalıdır. Yəni, İrəvan iki sənədin bir masa ətrafında və eyni gündə imzalanmasını təklif edir.
Bu təklif Ermənistanın sülh prosesinə real addım atmağa hazır olduğunu göstərsə də, reallıqda sadəcə beynəlxalq arenada mövqeyini qorumağa yönəlmiş bir manevrdir. Paşinyanın verdiyi başqa bir mesaj isə daha ciddi suallar doğurur.
O qeyd edib ki, əgər Ermənistan Konstitusiya Məhkəməsi sülh sazişinin ölkə konstitusiyasına uyğun olmadığını desə, onda Ermənistan “sülh və münaqişə arasında seçim” qarşısında qalacaq. Bu isə göstərir ki, İrəvan daxilində hələ də bu sazişlə bağlı tərəddüdlər və daxili müqavimət var.
Millət vəkili Ramil Həsən "Cebheinfo.az”-a açıqlamasında bildirib ki, danışıq və müzakirənın əsas məqsədi sülh müqaviləsinin imzalanması, bölgəyə daimi sülh, təhlükəsizlik və əmin-amanlığın gəlməsidir. Bu baxımdan, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra məhz sülh danışıqlarını başlatmaqla, bu prosesdə tərəf olub.
Onun sözlərinə görə, Azərbaycan humanizm və tolerantlıq yanaşmasının bariz nümunəsidir, çünki məqsəd bölgəyə sülh gətirməkdir:
"Prezident İlham Əliyev “Qafqaz evinin qurulması” ideyasının təşəbbüskarı olaraq, bu prosesin başlanğıcını qoyub. Lakin təəssüf ki, Ermənistanda hələ də davam edən daxili gərginlik, revanşist qüvvələrin mövcud hakimiyyətlə qarşıdurması və siyasi qeyri-sabitlik bu prosesə mane olur. Buna görə də, sülh müqaviləsi hələ imzalanmayıb.
Antalya Diplomatiya Forumunda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin mövqeyini açıq şəkildə ifadə edib. O, sülh müqaviləsinin imzalanmasının qarşısında ən böyük maneə kimi Ermənistanın Konstitusiyasındakı ərazi iddialarını göstərib. Ermənistan hələ də Azərbaycanla bağlı ərazi iddialarını öz qanunlarında saxlayır ki, bu da müqavilənin imzalanmasını çətinləşdirir”.
O qeyd edib ki, Ermənistanın xarici siyasətində guya Azərbaycanın sülh müqaviləsini imzalamamaqla məsuliyyət daşıdığına vurğu edilir:
“Lakin həqiqət fərqlidir. Azərbaycan dövləti və Prezident İlham Əliyev, həmçinin Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, əsas məqsəd Ermənistanın Konstitusiyasındakı bu ərazi iddialarını aradan qaldırmaqdır. Çünki bu, gələcəkdə, Paşinyan hakimiyyətindən sonra Ermənistanda başqa siyasi qüvvələrin bu müqaviləni tanımamasının qarşısını alacaq.
Əslində, Paşinyanın "Konstitusiya Məhkəməsi sülh müqaviləsinin Ermənistanın Konstitusiyasına uyğun olmadığına qərar verərsə, o zaman Ermənistanın sülh və münaqişə arasında seçim etməsi lazım olacaq" deməsi də məhz bu gerçəklikdən irəli gəlir. Paşinyan, həmçinin Ermənistan ictimaiyyətini bu reallıqlara hazırlamağa çalışır. Ancaq Ermənistanda da yekdil bir mövqe yoxdur. Millət vəkillərinin tez-tez istefa verməsi, yeni şəxslərin hakimiyyətə gəlməsi və Paşinyanın öz siyasətini dəstəkləməyən qüvvələrdən qurtulmağa çalışması vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir”.
Millət vəkili vurğulayıb ki, Ermənistandakı ağlı başında olan hər kəs Azərbaycanla yenidən münaqişə başlatmağın Ermənistanın faktiki olaraq məhvi ilə nəticələnəcəyini başa düşür:
"Bu gün dünyada baş verən hadisələr, 2008-ci ildə Gürcüstanın ABŞ-yə etibar edib, nəticədə torpaqlarının 20 %-ni itirməsi bir daha göstərir ki, qonşu dövlətlərlə Ermənistan normal münasibətlər qurmadığı təqdirdə Nikol Paşinyanın da qeyd etdiyi kimi, ölkə ya uçuruma gedəcək, ya da ümumiyyətlə, xəritədən silinəcək. Hakimiyyət bu reallığı nəzərə alaraq, iradə göstərib, xalqı ilə ortaq bir nöqtədə razılaşaraq, Ermənistanın Konstitusiyasındakı müvafiq müddəaları dəyişdirəcəksə, o zaman Azərbaycan dövlətinin də qeyd etdiyi kimi, sülh müqaviləsinin imzalanması üçün artıq ciddi bir əngəl qalmayacaq.
Bu, Ermənistan üçün əslində inkişaf yolunu açacaq, yenidən təkamül mərhələsinə keçməyi təmin edəcək, Ermənistan xalqının normal yaşaması və Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə arasındakı münasibətlərin yeni bir mərhələyə qədəm qoymasına şərait yaradacaq. Ən əsası isə bu proses Azərbaycandan və Türkiyədən asılı deyil. Bu, birbaşa Ermənistandan asılıdır. Yəni, Ermənistan öz gələcəyini və taleyini özü müəyyənləşdirməlidir. Ermənistan ya uçuruma gedəcək, ya da sülh müqaviləsi imzalayıb bütün bu çətinliklərdən çıxaraq yeni bir səhifə açacaq”.
Ramil Həsən hesab edir ki, bu prosesdə Ermənistan hakimiyyəti və müxalifət arasında ciddi çaxnaşmalar , qarşıdurmalar baş verə bilər. Çünki Ermənistan hələ də müstəqil siyasət yürüdə bilmir:
"Ermənistan bir tərəfdən Avropa Birliyi və Fransanın, digər tərəfdən isə Rusiyanın təsir dairəsindədir. Bu cür haçalanmalar sülh prosesinin sürətlə nəticələnməsinə mane olur. Azərbaycan dövləti güclü və qüdrətlidir. Azərbaycan həm güclü orduya, həm də mükəmməl və düşünülmüş xarici siyasət strategiyasına sahibdir. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə həm diplomatiya, həm də hərbi güc vasitəsilə uğurla davam etdirilir.
Düşünürəm ki, yaxın gələcəkdə Ermənistan sülh müqaviləsinin imzalanmasına dair son bir müsbət addımı atarsa, Azərbaycan bu qərarı hərtərəfli qəbul edəcək və öz tarixi missiyasını yerinə yetirəcək. Azərbaycan dövləti hər vəziyyətə və hər bir reaksiyaya hazırdır. Sülhə də, müharibəyə də. Bu, bizim dünyamızın gerçəkliyidir."
Səbinə Uğur
"Cebheinfo.az"