Psixoloq: “Əgər bir ailə boşanmayıbsa, o demək deyil ki, xoşbəxtdir”

Psixoloq: “Əgər bir ailə boşanmayıbsa, o demək deyil ki, xoşbəxtdir”

“Boşanmaların əsas səbəblərindən biri də insanların tələsik evlənməsidir”.

Bu sözləri psixoloq Fərqanə Mehmanqızı “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, konkret olaraq kişi və ya qadınların boşanmaya marağının artdığını demək doğru olmaz:

“Göstəriş üçün və ya tələsik evlənənlərin ailələrində boşanmalar çox olur. Bəzi valideynlər sırf ailə qurması üçün qızlarını, evə yığışsın deyə də oğlanlarını evləndirirlər. Bu da əlbəttə ki, boşanmaların artmasına gətirib çıxarır. Yəni boşanmaların artmasının cinsiyyətlə hər hansısa bir əlaqəsi yoxdur. Ümumiyyətlə, bir insan tələsik evlənirsə, deməli, olğunlaşmayıb. Elə boşanmağın da bir səbəbi budur. Çünki olğunlaşmayan evlilik boşanmaya gətirib çıxarır”. 

Psixoloqun sözlərinə görə, boşananların boşanma səbəbinə deyil, evlənmə səbəbinə baxmaq lazımdır:

“Əslində evlənmə səbəbi onların boşanma səbəbini göstərir. Ümumiyyətlə, evlilik birlikdə yaşamaq qədər sadə olmamalıdır. Əvvəllər insanlar evləndikləri şəxsi yalnız toy günü görürdülər. Amma o zaman da onların xoşbəxt olduğunu deyə bilmərik. Ayrılmamaq xoşbəxt olmaq mənasını da vermir. Əgər bir cütlüklər boşanmayıbsa, o demək deyil ki, həmin ailə xoşbəxtdir”. 

Fərqanə Mehmanqızı qeyd edib ki, evliliyə hazır olandan sonra ailə qurmaq lazımdır: 

“Bir insanı tanımaq üçün onunla mübahisə etməyinizə baxmalısınız. Əgər mübahisə etdiyiniz və barışdığınız müddət sizdə qısqanclıq yaratmır, eqonuza toxunmursa, deməli, doğru insanı seçmisiniz. Amma insanı hansısa bir müddət ərzində tamamilə tanımaq mümkün deyil. Bəzən insanların 20 il tanıdıqlarını düşündükləri adam belə onları təəccübləndirə bilir. Buna baxmayaraq, cütlüklərin evlənmədən bir müddət öncə bir-birlərini tanıması çox önəmlidir. Həmçinin, insan evlənmədən öncə xarakteri oturuşmalıdır. İnsan öncə özü-özünü tanımalıdır ki, sonra qarşı tərəfi tanısın. Düşünürəm ki, gənclər özlərini tanıyandan, həyatdakı hədəflərini müəyyən edəndən, başqasının məsuliyyətini götürməyə və evliliyə hazır olduğunu biləndən sonra evlənməlidirlər”. 

Elmir Mustafa 
“Cebhe.info”