Uşaq evində ərzağı kim oğurlayır? - Sosial şəbəkədəki video ilə bağlı AÇIQLAMA 

Uşaq evində ərzağı kim oğurlayır? - Sosial şəbəkədəki video ilə bağlı AÇIQLAMA 

Bakı şəhərinin Xətai rayonunda yerləşən 3 saylı uşaq evində uşaqlara verilən qidaların mənimsənilməsi haqqında iddialar var.

Bu barədə uşaq evində qalan uşaqlardan biri video çəkərək sosial şəbəkədə payılaşıb. Uşağın iddiasına görə, müəssisədə uşaqlara quru çörək verirlər:

“Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar. Şoru belə çox az verirlər”.

O qeyd edib ki, direktor onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb. Məsələ ilə bağlı 3 saylı uşaq evi ilə əlaqə saxladıq.

Müəssisədən Cebhe.info-ya bildirdilər ki, uşağın iddiaları əsassızdır.

“Onun özü bilmir nə danışır, dedikləri şər-böhtandır. 17 yaşı var, övladlığa gedib, övladlıqdan geri qaytarılıb. Nümunəvi davranışa malik uşaq idisə, övladlığa getdikdən sonra niyə yenidən uşaq evinə qayıdırdı? Sığınacağa, sonra yenə uşaq evinə verildi. Oğurluq da edir, özü də bunu etiraf edir”.

Günay Şahmar
Cebhe.info