Zemfira Meftahətdinova vəzifəsindən azad edildi

Zemfira Meftahətdinova vəzifəsindən azad edildi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı DİN-in İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinovanı qəbul edib.

Cebhe.info xəbər verir ki, yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, İdman Cəmiyyətinin rəisi kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.

Sonda nazir Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını Z.Meftahətdinovaya təqdim edib. Bundan sonra Z.Meftahətdinova fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.

Qeyd edək ki, Zemfira Meftahətdinova 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub.

1979-1984-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2000-2005-ci illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır.

Cebhe.info