ABŞ-İran danışıqları bu ölkədə ola bilər

ABŞ-İran danışıqları bu ölkədə ola bilər

İranın xarici işlər naziri Abbas Əraqçi İran və ABŞ arasında dolayı danışıqların aprelin 12-də Omanda başlayacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Abbas Əraqçi “X” sosial media platformasında paylaşdığı mesajında, "İran və ABŞ şənbə günü Omanda yüksək səviyyəli dolayı danışıqlarda görüşəcək. Bu həm bir fürsət, həm də sınaqdır. Top ABŞ-nin meydanındadır" deyib.

2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ Prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneyiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb.

İran təhdidlərin də yer aldığı məktuba Oman vasitəsilə cavab verərək, təhdid və təzyiq altında birbaşa danışıqlara getməyəcəklərini, yalnız dolayı danışıqlara hazır olduqlarını açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaini dünən Tehranda keçirdiyi mətbuat konfransında Vaşinqtonun təklif etdikləri dolayı danışıqlar formatı ilə bağlı qərarını gözlədiklərini bildirib. İsmayıl Bəqaini Omanın vasitəçilik üçün əsas namizəd olduğunu demişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"