Azərbaycanda məktəblər pullu olacaq?

Azərbaycanda məktəblər pullu olacaq?

Orta məktəblərdə ciddi dəyişiklik gözlənilir. 

Belə ki, bu təhsil müəssisələrinin publik hüquqi şəxsə çevrilməsi nəzərdə tutulur. Qeyd edək ki, hər hansı bir publik hüquqi şəxsə çevrildikdə onun idarəçilik mexanizmlərində müəyyən dəyişikliklər özünü göstərir.

Bu gün ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının demək olar ki, hamısı publik hüquqi şəxsə çevrilib. Orta məktəblər publik şəxsə çevrildikdə hansı mənbələrdən maliyyələşəcək və bu proses həmin təhsil müəssislərinin ödənişli olmasına gətirib çıxaracaqmı? 

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Cebheinfo.az”-a bildirib ki, artıq bir müddətdir ki, Azərbaycanda publik hüquqi şəxslər yaradılır və bu istiqamətdə tədbirlər həyata keçirilir: 

“Düşünürəm ki, bunu ilk növbədə pilot layihə şəklində nəzərdən keçirib bir neçə məktəbdə tətbiq etdikdən sonra reallaşdıra bilərik. O zaman addımlarımızı ata bilərik. Proses düzgün həyata keçirilərsə, dəqiq mexanizm, şəffaflıq olarsa, maaşların artırılmasına, məktəblərin təmirinə, yeni infrastrukturlardan istifadəyə təsir göstərə bilər.

Burada əsas mexanizmlər, dəqiq sistem, şəffaflıq olmalıdır ki, insanlar əziyyət çəkməsin, çətinliklərlə üzləşməsinlər. Bu halda həmin məsələyə baxa bilərik. Bununla yanaşı, məsələlər necə tənzimlənəcək, valideynlərin bu prosesdə iştirakı necə olacaq, bütün bunlar nəzərdən keçirildikdən sonra konkret münasibət bildirə bilərik”. 

Deputatın fikrincə, məktəblərin publik hüququ şəxsə çevrilməsi onların əlavə maliyyə imkanlarının olmasına gətirib çıxaracq:

“Bu məktəblərin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına gətirəcək. Yəni maliyyələşmə yalnız dövlət vasitəsilə deyil, həm də müxtəlif yollarla olacağı üçün onların ümumi fəaliyyətinə müsbət təsir göstərərcək. Bunun mexanizmi yəqin ki açıqlanacaq. Bu barədə detalları Elm və Təhsil Nazirliyi daha yaxşı bilər. Ola bilsin ki, onlar hansısa fəaliyyət yaradılsın, məktəblərin daxilində xidmətlər təşkil olunsun və onun əsasında proses davam etsin”. 

Millət vəkilinin sözlərinə görə, orta məktəblərin ödənişli olacağı ilə bağlı ETN məlumat verə bilər: 

“Mən ümumi proses haqqında deyirəm ki, necə gedə bilər. Publik hüquqi şəxs yalnız məktəblər deyil. Məsələn, Dövlət İmtahan Mərkəzi (DİM), bəzi universitetlər publik hüquqi şəxsdir. Onların bəzilərində maliyyələşmə dövlət hesabınadır. Müəyyən maliyyələşmə göstərilən xidmətlərdən alınır.

Valideynlərdən pul alınacağı ilə bağlı mən fikir bildirə bilmərəm. DİM publik hüquqi şəxsdir və göstərdiyi xidmətlərə görə imtahanlar təşkil edir. Orta məktəblərdə prosedurun necə olacağı ilə bağlı ETN məlumat verməlidir ki, insanlar bilsin”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”