Daha çox hansı bank kartlarından pul oğurlanır?

Daha çox hansı bank kartlarından pul oğurlanır?

Ötən həftənin şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41 min 48 manat oğurlanıb. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, aprelin 12 və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11 min 100, 10 min 283, 4 900, 2 537, 2 520, 2 183, 1 500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - DİN vətəndaşlara bir daha müraciət edib. 

Bəs daha çox hansı bankların kartından pul oğurlanır?

Sosial şəbəkələrdəki narazılıq dolu paylaşımlarda daha çox nədənsə “Kapital Bank”ın adına rast gəlinir. İnformasiya kommunikasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov kiberdələduzluq halları ilə mübarizənin vacibliyinə və təhlükəsizlik tədbirlərinin artırılmasına dair fikirlərini “Cebheinfo.az”-la bölüşüb.

Onun sözlərinə görə, müəyyən bank kartlarında daha çox pul vəsaitinin oğurlanması həmin bankların istifadəçi sayının çoxluğu ilə bağlıdır: 

“Həftəsonu vətəndaşların bank kartlarından 41 min manatdan çox vəsaitin oğurlanması faktı kiberdələduzluq hallarının ölkədə nə qədər aktual və təhlükəli olduğunu bir daha göstərdi. Ən çox yayılan üsullar fişinq, sosial mühəndislik və telefonla aldadıcı zənglərdir ki, bu üsullarla şəxsi bank məlumatları əldə olunaraq vəsaitlər oğurlanır. Bu halların müəyyən banklarla daha çox əlaqələndirilməsi əsasən həmin bankların istifadəçi sayının çoxluğu ilə bağlıdır. Daha geniş istifadəçi bazasına sahib olan banklar dələduzlar üçün potensial hədəf olaraq seçilir, bu isə onların adlarının daha tez-tez hallanmasına səbəb olur”. 

O bildirib ki, burada əsas məsələ bankın adı deyil, riskin kütləviliyidir:

“Ən effektiv müdafiə vasitəsi isə vətəndaşların şəxsi məlumatlarını paylaşmamaq vərdişini formalaşdırması, bankların isə təhlükəsizlik sistemlərini davamlı olaraq yeniləməsi və ictimai maarifləndirməni gücləndirməsidir. Şübhəli zəng və mesajlara cavab verməmək, bank məlumatlarını heç kəslə paylaşmamaq bu halların qarşısını almaqda vacib addımlardır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”