Ağdamda İƏT-in Gənclər Forumu başlayıb

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu öz işinə başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, forum Azərbaycanın təşəbbüsü ilə ilk dəfə “İƏT Həftəsi” çərçivəsində baş tutur.
Forumun açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib: “İlk dəfədir ki, Qarabağda Gənclər Forumu keçirilir. Bu, tarixi andır. Prezident İlham Əliyevin də mövqeyinə uyğun olaraq bu həftə Azərbaycanda “İƏT həftəsi” təşkil olunur”.
İƏT-in baş katibi Əsəd Məcid Xan isə təşkilatın 17-ci görüşü çərçivəsində Gənclər Forumunun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib: “Azərbaycanın bu sahədə rəhbərlik keyfiyyətləri gənclərin regional inkişaf məsələlərinə qatılmasına imkan yaradır”.
Ə. Xan, həmçinin qeyd edib ki, bu gün dünyanın müxtəlif yerlərində yeni çağırışların şahidi oluruq. O, ölkələrdə gənclərin 30 faizinin məşğulluqla, əmək bazarlarına çıxışla bağlı problem yaşadığını diqqətə çatdıraraq bu istiqamətdə səylərin əhəmiyyətini vurğulayıb.
Forum hazırda işçi sessiyalarla davam edir.
"Cebheinfo.az"