Gürcüstan müxalifəti seçkiləri boykot etdi

Gürcüstanda səkkiz siyasi partiya yerli seçkilərdə iştirakdan imtina edib.
“Cebheinfo.az”-ın məlumatına görə, Yelena Xoştariya və Gedevan Popxadze aclıq aksiyasını dayandırıb. Səkkiz müxalifət partiyasının bəyanatını “Droa” Partiyasının lideri Yelena Xoştariya parlament qarşısında ictimaiyyətə təqdim edib.
“Biz məqsədi Rusiyanın İvanişvili rejimini tamamilə ləğv etmək, Gürcüstanın müstəqilliyini və suverenliyini qorumaq, Avropa tipli demokratik idarəçilik qurmaq, vətəndaşlarımız üçün təhlükəsiz mühit və ləyaqətli həyat imkanları yaratmaq, o cümlədən ölkəmizin Avropa İttifaqı və NATO-ya qoşulması olan Gürcüstanın qərbyönlü siyasi partiyaları və qrupları birlikdə bəyan edirik:
1. Biz yerli hakimiyyət orqanlarına qondarma seçkilərdə iştirakdan imtina edirik, Çünki hesab edirik ki, indiki reallıqda bu prosesdə iştirak bizim vətəndaşlarımızın mənafeyinə xidmət etməyəcək, yalnız qeyri-qanuni Rusiya rejimi üçün legitimlik görüntüsü yaradacaq.
2. Biz birgə fəaliyyətin zəruriliyini dərk edirik və bəyan edirik ki, prinsipial, barışmaz mübarizəmiz və işimizlə qeyri-demokratik, oliqarxik sistemin sonunu tezləşdirmək üçün əlimizdən gələni edəcəyik”.
“Biz hesab edirik ki, qələbəyə aparan yol rejimlə tam əməkdaşlıq etməməkdən keçir. Gürcüstan vətəndaşları ilə birlikdə ümumi milli müqaviməti davam etdiririk. Sona qədər”, - bəyanatda belə deyilir.
Bəyanatı Azadlıq Meydanı, Avropa Gürcüstanı, Vahid Milli Hərəkat, “Strateji Aqmaşenebeli”, “Axali”, “Girchi - Daha çox Azadlıq”, “Droa”, Federalistlər partiyaları imzalayıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”