Kirayə evə qeydiyyat problem yaradır?

Kirayə evə qeydiyyat problem yaradır?

Son vaxtlar qeydiyyatla bağlı bir sıra məsələlər ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. 

Belə ki, kirayədə yaşayanla ev sahibi arasında qeydiyyat prosesi problemə çevrilir. Həm ev sahibi, həm də kirayədə yaşayan şəxs qeydiyyatda maraqlı deyil.

Ona görə də hazırda qeydiyyatla bağlı bu sahədə problemlər hələ də öz həllini tapmayıb. Vətəndaşları ən çox maraqlandıran müvəqqəti qeydiyyatla daimi qeydiyyatın arasındakı hansı fərqin olmasıdır. 

Vətəndaşlarının olduğu yer üzrə qeydiyyatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiqi haqqında Əsasnaməyə əsasən həyata keçirilir. 

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 

Vətəndaşlar olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (www.bpqmi.gov.az) internet sayıtna daxil olub, E-qeydiyyat bölümündə (https://e-qeydiyyat.bpqmi.gov.az/login) fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçməlidirlər. 

İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə ya xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir. 

Ümumiyyətlə, niyə kirayədə yaşayanın həmin evə qeydiyyatı problemə çevrilir?

Məsələ ilə bağlı iqtisadçı- ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, kirayə müqaviləsinin bağlanması ilə bağlı qaydalar hər zaman olub: 

“Sadəcə olaraq son zamanlar bunu daha çox tələb edirlər. Kirayədə yaşayan vətəndaşın həmin evə müvəqqəti qeydiyyata düşməsində heç bir problem yoxdur. Ev sahibi üçün də heç bir problem ola bilməz. Çünki müvəqqətidir, istədiyi anda da onu qeydiyyatdan çıxara bilər. 

Ancaq həmin kirayənişin daimi qeydiyyatda olsa və çıxmaq istəməsə belə, onu məhkəmə yolu ilə çıxartmaq mümkündür. Yəni hər bir halda ev yiyəsi onu qeydiyyatdan çıxara bilər. Elə ola bilməz ki, evdə qeydiyyatdadırsa, çıxmayacaq. Sadəcə bizdə insanlarda bir az qorxu hissi var”. 

Ekspert deyib ki, burada vergidən yayınma məsələləri də var: 

“Belə ki, müqavilə bağlandıqda 14 faiz vergi ödənilir. Bu, əslində ev sahibindən daha çox kirayənişinə sərf eləmir. Çünki ev sahibi ona deyəcək ki, vergini də kirayə ilə birgə ödəsin”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”