Rusiyada öldürülən azərbaycanlılarla bağlı cinayət işi açıldı

Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiyada işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri faktı üzrə cinayət işi başlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycan baş prokuroru tərəfindən cinayət işi başlanıb.
İlkin istintaqla müəyyən edilib ki, iyunun 27-si səhər saatlarında Rusiya Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Yekatirunburq şəhərində müxtəlif ünvanlarda yaşayan Azərbaycan vətəndaşları və Azərbaycan əsilli şəxslər əvvəlki dövrlərdə törədilmiş cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.
Rusiyanın adları qeyd olunan əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən bir qrup halında azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan, özünü zərbələrdən qorumaq imkanı olmayan Azərbaycan vətəndaşları və Azərbaycan əsilli digər şəxslərə həm saxlama prosesində, həm daşındıqları nəqliyyat vasitələrində, əməliyyat-axtarış subyektlərinin yerləşdiyi inzibati binalarda bərk küt əşyalarla bədənlərinin müxtəlif nahiyyətlərinə çoxsaylı zərbələr endirilməklə işgəncələrə məruz qoyulmuş və ağır bədən xəsarətləri yetirilib.
Nəticədə xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşı 1966-cı il təvəllüdlü - 60 yaşlı Hüseyn Səfərov həmin gün saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanının inzibati binasında, onun qardaşı – 1970-ci il təvəllüdlü - 55 yaşlı, taksi sürücüsü kimi fəaliyyət göstərən iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülüb.
İstintaq zamanı təyin edilmiş Məhkəmə tibbi-ekspertizasının rəyinə əsasən, Hüseyn Mehti oğlu Səfərova yetirilmiş çoxsaylı xəsarətlər, o cümlədən qabırğaların çoxsaylı sınıqları və sair fonunda yaranmış postravmatik və posthemorrogik şok nəticəsində, sonuncunun qardaşı 10.12.1970-ci il təvəllüdlü Ziyəddin Mehti oğlu Səfərov isə ona yetirilmiş çoxsaylı xəsarətlər fonunda yaranmış postravmatik şok nəticəsində öldürülüb.
Həmçinin Rusiyanın səlahiyyətli əməliyyat-axtarış qurumları tərəfindən saxlanılmış digər çoxsaylı şəxslərə qarşı da eyni üsulla işgəncələr tətbiq edilməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış digər Azərbaycan vətəndaşlarının olması və hazırda Rusiya ərazisində tibb müəssisəsində müalicələrinini davam etdirilməsi müəyyən edilib.
Toplanmış materiallar əsasında Azərbaycan baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2 (ölkə xaricində Azərbaycan Respublikasının vətəndaşına qarşı cinayət törədildikdə məsuliyyətin Azərbaycan qanunvericiliyi ilə müəyyən olunması), 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 293.3-cü (işgəncə vermə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, bu hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, cinayət işi üzrə istintaqa qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.
Azərbaycan Baş Prokurorluğu tərəfindən beynəlxalq hüquq normalarına uyğun olaraq müvafiq dövlətlərə hüquqi yardım sorğuları göndərilərək, istintaqın effektiv aparılması və cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün zəruri əməkdaşlıq təmin ediləcək.
"Cebheinfo.az"