Azərbaycanla Rusiya arasında diplomatik münasibətlər kəsiləcək?

Azərbaycanla Rusiya arasında diplomatik münasibətlər kəsiləcək?

“Rusiya yüz illərdir imperialist siyasət yürüdür”. 

Bu sözləri siyasi şərhçi Tamilla Qulami “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, rəsmi Moskva əsasən postsovet ölkələrinə qarşı sərt münasibət sərgiləyir:

“Azərbaycan isə Cənubi Qafqazda hər zaman balanslı siyasət yürüdüb. Biz dünya və qonşu dövlətlərlə hər hansısa mənfi bir münasibət formalaşmamasına çalışmışıq. Rəsmi Bakı xüsusilə də qonşu dövlətlərlə münasibətinin normal olması istiqamətində siyasət həyata keçirib. 

Lakin çox təəssüf ki, Rusiyanın imperialist və separatçı siyasəti nəticəsində nəinki Azərbaycana, həm də digər region ölkələrinə qarşı hər zaman sərt münasibət görmüşük”. 

Ekspert Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra necə olacağı barədə isə bunları söyləyib: 

“25 dekabr 2024-cü ildə Azərbaycana məxsus təyyarənin vurulmasından sonra münasibətlərimiz daha da gərginləşdi. Rəsmi Moskva Bakının haqlı suallarına cavablar verə bilmədi və məsuliyyətdən qaçdı. Son yaşananlardan sonra isə gərginlik pik həddə çatıb. 

Nəzərə almaq lazımdır ki, Rusiya Ukraynada apardığı müharibəyə görə çox çətin və hətta təcrid olunmuş vəziyyətdədir. Kreml Cənubi Qafqaz ölkələrinin əlindən çıxma ərəfəsində olduğuna gördüyü üçün ölkəmizə qarşı “hücum”a keçib. Dünya gücləri Rusiyaya, Rusiya isə özündən kiçik dövlətlərə təzyiq edir. 

Ancaq Moskva hakimiyyəti unutmamalıdır ki, Azərbaycan 30 il əvvəlki ölkə deyil. Bu gün Azərbaycanın Türkiyə və Pakistan kimi çox sayda güclü mütəffiqi var. Yəni Rusiya ölkəmizə qarşı növbəti addımlarda münasibətini daha da sərtləşdirə bilməz”. 

Tamilla Qulami hesab edir ki, Azərbaycan Rusiyaya nota verə bilər: 

“Məncə, yaxın zamanda Azərbaycanın Rusiyaya nota verməsi mümkündür. Ancaq buna baxmayaraq, Bakı ilə Moskva arasındakı diplomatik münasibətlərin tamamilə pozulmayacaq. 

İndiki vəziyyətdə tərəflər arasındakı əlaqələrin sıfıra enməsini məqsədəuyğun hesab etmirəm. Çünki istəsək də, istəməsək də, bölgədə bir Rusiya amili var. Əlbəttə ki, biz Rusiya ilə hesablaşmırıq, amma ona qarşısında müstəqil siyasət yürüdən Azərbaycanın olduğunu qəbul etdiririk”. 

Elmir Mustafa 
“Cebheinfo.az”