Oveçkin NHL tarixində ən çox pul qazanan hokkeyçi olub

"Vaşinqton"un hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasının (NHL) tarixində ən çox pul qazanan oyunçu olub.
“Report” TASS-a istinadən xəbər verir ki, 2005/2006 mövsümündən NHL-də çıxış etməyə başlayan 39 yaşlı hokkeyçi müqaviləsinin ilk üç ilində 2,92 milyon dollar (illik 984 min dollar) qazanıb.
Rusiyalı oyunçu 2008-ci ildə 124 milyon dollarlıq 13 illik müqavilə imzalayıb. Daha sonra o, 2021-ci ilin yayında ümumi dəyəri 47,5 milyon dollar olan yeni 5 illik sözləşməyə imza atıb.
Bununla da Oveçkin NHL karyerası ərzində ümumilikdə 161,72 milyon dollar qazanmağa nail olub. Onun "Vaşinqton"la müqaviləsinin müddəti növbəti mövsüm başa çatır. Hücumçu həmin müddət ərzində daha 9 milyon dollar gəlir əldə edəcək.
Qeyd edək ki, Aleksandr Oveçkin bir müddət əvvəl NHL-in müntəzəm mövsümündə "Nyu-York Aylenders"ə qarşı oyunda 895-ci qolunu vurmaqla Stenli Kubokunun dördqat qalibi Ueyn Qretskiyə məxsus rekordu qırıb.
"Cebheinfo.az"